Accessibility links

"Üzeyir Hacıbəyli uzun müddət Azərbaycan üçün işıq saçan fikir insanı olacaq" [Audio-Müsahibə]


Üzeyir Hacıbəyli

Amerikanın Səsinə müsahibə verən bəstəkar Firudin Allahverdi Üzeyir Hacıbəyli fenomeni və onun Azərbaycan fikir tarixindəki rolu haqqında danışıb

19-cu əsrin sonlarında Rusiya imperiyasının qərbində yaşayan xalqlar arasında azərbaycanlıları savadlılıq dərəcəsinə görə digər xalqlardan aşağıda olmasını qeyd edən bəstəkar deyir ki, həmin dövrdə xalqın arasından bu cür işıqlı bir ziyalının parlaması bizim üçün böyük bəxtəvərlik idi.

Firudin Allahverdi (Foto TEDxADA ssəhifəsindən götürülüb)
Firudin Allahverdi (Foto TEDxADA ssəhifəsindən götürülüb)

Firudin Allahverdi əlavə edir ki, o dövrdə bir neçə intellektual cərəyanlar olsa da, Üzeyir Hacıbəylinin fəaliyyəti ayrıca bir məktəb idi.

“Onlardan biri Cəlil Məmmədquluzadə başda olmaqla Molla Nəsrəddinçilər idi. Digəri türklərə meylli Füyüzatçılar idi və bir də tək Üzeyir Hacıbəyov var idi. Onun özü təkbaşına bir partiya, bir cərəyan idi.”

Bəlkə də o, yalnız rus mədəniyyətini, ədəbiyyatını oxusaydı, xalqa yad olardı. Lakin, şərq dilini və ədəbiyyatını bilməsi onu xalqa yaxın, xalqdan biri edib.

Bəstəkarın sözlərinə görə, Üzeyir Hacıbəylini digərlərindən fərqləndirən tərəfi çox gənc yaşlarından etibarən malik olduğu və fenomenal sayıla biləcək analitik düşüncə tərzi idi. Onun 20-25 yaşları arasında yazdığı məqalələrdə məsələlərə fərqli baxışı bu analitik düşüncənin nəticəsi idi.

“Üzeyir Hacıbəyli məqaləsinin birində avropalıların arasından alim, həkim, bizim aramızdan isə qoçular çıxmasını nəsil, köklə bağlanmasına münasibət bildirərək qeyd edib ki, insan hər yerdə insandır. Fərq harada nəyə meydan yaradılmasındadır. Harada hansı fəaliyyətə meydan yaradılıbsa, o sahəyə istedadı olan adamlar meydana çıxır.”

İndi olduğu kimi o vaxtlar da insanlarımızın ictimai-siyasi işlərdə və seçkilərdə zəif iştirak etdiyi vurğulayan bəstəkar bildirir ki, məhz xalqın ətrafda baş verənlərə bu cür biganəliyi Üzeyir Hacıbəylini ən çox narahat edən məsələlərdən idi.

Üzeyir Hacıbəyli çalışırdı elə əsərlər yaratsın ki, onu təkcə bir qrup insan deyil, bütün xalq başa düşüb, dinləyib, sevə bilsin.

Firudin Allahverdinin sözlərinə görə, 19-cu əsrin sonları, 20-ci əsrin əvvələrində musiqi siniflər arasında bölünmüşdü. Buna görə də, Üzeyir Hacıbəyli çalışırdı elə əsərlər yaratsın ki, onu təkcə bir qrup insan deyil, bütün xalq başa düşüb, dinləyib, sevə bilsin.

“Həmin dövrdə nəinki Azərbaycanda, Şərqi Avropanın bir çox ölkəsində öz xalq müsiqiləri ilə Avropa klassik musiqisinin sintezini yaratmağa çalışan cərəyan ortaya çıxmışdı. Bizə yaxın İran, Türkiyə, Orta Asiya ölkələrində də bu cərəyan mövcud olub. Lakin,onların heç birində yaranan musiqi əsərləri Üzeyir bəyin yaratdığı əsərlər qədər geniş kütlələr, xalq tərəfindən sevilməyib.”

Bəstəkar əlavə edir ki, Üzeyir Hacıbəylinin uşaqlıq illərinin Xurşidbanu Natəvanın evində keçməsi və bu dövrdə rus ədəbiyyatı ilə yanaşı şərq və antik yunan ədəbiyyatına aid kitabları oxuya bilməsi onun gələcəkdəki yaradıcılığına ciddi təsir edib.

“Bəlkə də o, yalnız rus mədəniyyətini, ədəbiyyatını oxusaydı, xalqa yad olardı. Lakin şərq dilini və ədəbiyyatını bilməsi onu xalqa yaxın, xalqdan biri edib. Buna görə də Üzeyir Hacıbəyli indiki dövrdə belə bizim üçün işıq saçan fikir insanıdır.

XS
SM
MD
LG