Accessibility links

Tibb işçiləri Qəzzaya yardım çatdırılan zaman yaranan xaos nəticəsində beş nəfərin öldüyünü bildirir


Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirir ki, şənbə günü qıtlığın yaxın olduğu Qəzza zolağında yardımın çatırılması zamanı güllə atəşi və sıxlıq nəticəsində beş nəfər ölüb, onlarla insan yaralanıb.

AFP-nin video görüntülərində yük maşınlarından ibarət konvoyun insanların qışqırıqları və atışma səsi altında sübh qaranlığında paylama məntəqəsinin yaxınlığında yanan dağıntıların yanından sürətlə hərəkət etdiyi göstərilib. Şahidlərin dediyinə görə, atəş səslərindən bəziləri xəbərdarlıq atəşi olub.

Qırmızı Aypara bildirib ki, insident minlərlə insan Qəzza şəhərinin Küveyt döngəsində paylanması planlaşdırılan un və başqa ərzaqlarla dolu təxminən 15 yük maşınını qarşılamaq üçün toplaşdığı bir vaxta təsadüf edir.

Həmin döngə bir neçə xaotik və ölümcül yardım paylanması insidentlərinə səhnə olub. Onlardan biri martın 23-də baş verib ki, HƏMAS-ın idarə etdiyi hökumət İsrailin açdığı atəş nəticəsində 21 nəfərin öldüyünü bildirib. İsrail isə bu ittihamı rədd edir.

Qırmızı Aypara bildirib ki, şənbə günü ölənlərin beşindən üçü güllələnib.

Şahidlər AFP-yə bildirib ki, yardımın çatıdırılmasına nəzarət edən qəzzalılar havaya atəş açıb, ərazidəki İsrail qoşunları da atəş açıb və bəzi hərəkət edən yük maşınları ərzaq almağa çalışan insanları vurub.

AFP şərh üçün İsrail ordusuna müraciət edib.

BMT-nin dəstəklədiyini hesabatda martın 9-da xəbərdarlıq edilib ki, qəzzalılar “fəlakətli” aclıqla üzləşirlər və təcili müdaxilə olmadığı təqdirdə bölgənin şimalını aclığın vuracağı proqnozlaşdırılır.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, hesabatda təxmin edilir ki, 1.1 milyon insan - əhalinin yarısı – fəlakətli şəraitlə üzləşir.

Vəziyyət BMT-nin məlumatına görə, təxminən 300 min insanın qaldığı və hesabata əsasən, qıtlığın “qaçılmaz olduğu və mart ayının ortası ilə may ayı arasında gözlənilən” Qəzzanın şimalında xüsusilə pisdir.

Dəniz yolu ilə yardım çatdırılır

Şənbə günü Kiprin Larnaka limanından Qəzzaya 400 ton ərzaq və başqa ləvazimatlar daşıyan üç gəmidən ibarət konvoy yola düşüb.

Qeyri-kommersiya humanitar təşkilatı World Central Kitchen bildirir ki, gəmilər 1 milyondan hazır yeməklər daşıyırlar.

Bu yardım missiyasını aylardır Qəzzada fəal olan World Central Kitchen İspaniyanın Open Arms xeyriyyə təşkilatı ilə birlikdə, əsasən Birləşmiş Ərəb Əmirliklərinin maddi yardımı və Kipr rəsmilərinin dəstəyi ilə həyata keçirir.

Bu, ikinci dəfədir ki, Qəzzaya Kipr vasitəsilə yardım göndərilir. Kipr rəsmisi Reuters-ə bildirib ki, yardım Qəzzaya yük gəmisində və xilasedici gəmi ilə yedəyə alınan barja, habelə dəstək komandasını daşıyan yedək gəmisi ilə çatdırılır və səfər 60 saat çəkəcək.

Kipr rəsmiləri İsraillə əməkdaşlıq edərək, mühasirəyə alınmış fələstinli anklava əvvəlcədən yoxlanılmış yüklərin birbaşa çatdırılmasını asanlaşdırmaq üçün dəniz dəhlizi yaradıblar.

Gəmi bu ayın əvvəlində birbaşa dəniz yolu ilə fələstinli əraziyə 200 tonluq ərzaq, su və başqa yardımları çatdırıb.

Birləşmiş Ştatlar isə ayrı olaraq Qəzza yaxınlığında yardımın çatdırılması üçün üzən estakada inşa etməyi planlaşdırır. Onun tikintisinin mayın 1-də başa çatması planlaşdırılır, amma daha əvvəl, aprelin 15-də də bitə bilər. Bu barədə Kipr Prezidenti Nikos Kristodulides cümə günü, bu həftəninn əvvəlində ABŞ rəsmiləri ilə brifinqlərə istinad edərək deyib.

Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşları böyük ölçüdə təcrid olunmuş Qəzzanın şimalında aclığın baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Yardım agentlikləri deyir ki, Qəzzaya su yolu ilə ərzaq çatdırılması alqışlansa da, insanların ehtiyaclarını qarşılaya bilməz. Onlar İsraili quru yolu ilə daha çox yardımın çatdırılmasına çağırıb.

İordaniyanın xarici işlər naziri Ayman Səfadi şənbə günü bildirib ki, İsrail yardımın çatdırılması üçün quru keçidləri açsa, Qəzzada qısa müddətdə aclığın qarşısı alına bilər.

Səfədi bu sözləri Qahirədə misirli və fransalı həmkarları ilə mətbuat konfrasında deyib.

BMT rəsmiləri İsraili Qəzzaya humanitar yardımın qarşısını almaqda ittiham ediblər. İsrail rəsmiləri bu ittihamları rədd edir və deyir ki, ərazi daxilində yardımın çatdırılması BMT və humanitar agentliklərin cavabdehliyindədir.

Forum

XS
SM
MD
LG