Accessibility links

Urmiyə şəhər şurasının 11 üzvündən beşinin fəaliyyəti dayandırılıb


Urmiyə şəhər şurasının 11 əsas üzvündən beşinin fəaliyyəti məhkəmə qərarı ilə dayandırılıb. Sözügedən üzvlər haqqında korrupsiya ittihamı ilə ittihamnamə hazırlandığı bildirilib.

Urmiyə şəhəri İslam şurasının sözçüsü Tumac Vəhid Afşar yarı-rəsmi “Fars” agentliyinə müsahibədə şuradan çıxarılanların adlarının Məhəmməd Xəlilpur, Rəsul Əsgərzadə, Hüseyn Pənahi, Murtəza Piri və Əhəd Yusufi Qalqaçı olduğunu açıqlayıb.

Vəhid Afşarın açıqlamalarına görə, əvəzedici üzvlər Murtəza Bəhram, Yaqub Hüseyni, Əli Mustafazadə, Tovhid Əlinejad və Adil Əzəm çıxarılan üzvlərin yerinə şuranın tərkibinə daxil olacaqlar.

Bir neçə gün əvvəl Qərbi Azərbaycan vilayətinin ədliyyə idarəsi Urmiyə bələdiyyəsində korrupsiya işi ilə əlaqədar 84 şəxs haqqında ittihamnamə hazırlandığını bildirmişdi. İran dövlət agentliyi İRNA 84 nəfərlik siyahıda fəaliyyəti dayandırılan 5 şura üzvünün də olduğunu yazıb.

Dövlət agentliyinə danışan Urmiyə şəhər icra hakimiyyətinin başçısı Qulamhüseyn Əmmarinin sözlərinə görə, “2-ci şöbənin prokuror və müstəntiq müavinin hökmü ilə şuranın 5 əsas üzvünün şura iclaslarında iştirak etməsinə qadağa qoyuldu.”

Urmiyə ilə bağlı faəliyyət göstərən bəzi Telegram kanallarında baş verənlərin Urmiyə şəhər şurası və dolayısı ilə Urmiyə bələdiyyəsində güc tənliklərini dəyişdirmək yönündə planlaşdırılmış əməliyyat olduğu irəli sürülür.

XS
SM
MD
LG