“Formula-1” yarışlarıın Bakı mərhələsi öz xüsusiyyətinə görə Sinqapur, Monako və Melburn qran-pri yarışmalarına bənzəyir.
Belə ki, həmin yarışlar da şəhər içində müvəqqəti trasslarda olacaq. Bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin meneceri Ayan Ağayeva bugünkü seminarda jurnalistlərə bildirib.
Yarışların dairəvi marşrutu Bakının mərkəzi küçələrindən keçən 6 kilometrə yaxın məsafəni əhatə edir.
“Azadlıq” meydanından başlayan marşrut Puşkin, Xaqani, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, “Neftçilər” prospekti, Əziz Əliyev küçəsindən (keçmiş Zevin) keçəcək, sonra İçərişəhərin dar dalanları boyunca Gənclər meydanına qalxaraq İstiqlaliyyət küçəsinə çıxacaq, sonra Niyazi küçəsilə aşağı enib yenidən “Neftçilər” prospektilə “Azadlıq” meydanına keçəcək.
Yarışlar zamanı müxtəlif çətinlikdə 20 virajla 51 dövrə vurulacaq, maksimum sürət saatda 340 kilometrə çatacaq.
Marşrut boyunca 30 min tamaşaçı üçün 9 tribuna (19 500 oturacaqq) qurulacaq.
Biletlər yarışların üç günündə etibarlı olacaq. Həmin biletlərlə “Formula-1” çərçivəsində konsert və digər əyləncəli tədbirlərə getmək olar.
“Bakıda Avropa Qran-prisi bir çox aspektlərinə görə Azərbaycan tarixində unikal hadisə olacaq. Bakı trassı şəhər yarışları arasında ən sürətlisi olacaq və bütün dünya üzrə 500 milyonluq teleauditoriya qarşısında yayımlanacaq”, yarışların mətbuat karibi Nigar Arpadarai bildirib.
Araşdırmalar göstərir ki, “Formula-1” yarışları müddətində turist axını 40% artır.
N.Arpadarai yarışların büdcəsini açıqlamayaraq bu haqda məlumatının olmadığını deyib.
Öz növbəsində, idman şərhçisi Rəhim Əliyev deyib ki, “Formula-1” yarışları sayəsində şəhərin küçələri yüksək sürət üçün nəzərdə tutulmuş asfaltla örtüləcək.
Onun sözlərinə görə, “Azadlıq” meydanında bolidlər üçün qarajın inşaşına, yardımçı və inzibati infrastrukturun saxlanmasına 30 mln. dollara yaxın vəsait sərf olunacaq.
Yarışlar iyunun 17-19-da keçiriləcək. Yarışlarda 11 komanda və 22 yarışçı iştirak edəcək.
Bakı mərhələsi 2016-cı ildə 21 “Formula-1” qran-pri yarışı arasında 8-ci olacaq.