Azərbaycan polisi Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları zamanı turistləri aldadaraq pullarını mənimsəmək istəməkdə şübhəli bilinən qrupu zərərsizləşdirdiyini bildirir.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanımadığı şəxslərin onun etimadını qazanaraq, 50 min ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100 min ABŞ dolları edəcəkləri adı altında aldadaraq dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.
“Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları – Alfonse Touani, Patrik Arnaud, Ziepop Maksim Valeri və Armel Qaetandan ibarət dəstə zərərsizləşdirilib. Saxlanılan şəxslər ifadələrində “Formula-1” Avropa Qran-pri yarışları ərəfəsində Bakıya çoxlu turistin səfər edəcəyini bildiklərindən bu üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini qeyd ediblər”, mətbuat xidmətinin məlumatında deyilir.
Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkarlanaraq götürülüb. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.