Accessibility links

İran Parlamentinin ‘Türk Bölgələri Fraksiyası’na nə oldu?


May ayının 27-də işə başlayan İranın 11-ci parlamentində formalaşan qruplaşmalar və fraksiyalar İran mediasının gündəmindədir. Bu parlamentin deputatları keçən fevral ayında İslam Republikası tarixində seçicilərin ən aşağı iştirakı ilə keçirilən seçkilərdə parlamentə girməyi bacarıblar.

İran Parlamentinin (İslami Şura Məclisi) müxtəlif dövrlərində siyasi fraksiyalardan əlavə millət vəkillərinin etnik və coğrafi mənsubiyyətinə görə də birliklər və fraksiyalar təşkil olunub.

Seyyid Əli Xameneyi müraciətində “sağlıqsız etnik və regional qruplaşmaları” parlamentə zərər verən əsas amillərdən biri kimi dəyərləndirib.


İslam Respublikasının rəhbəri Seyyid Əli Xameneyi 11-ci parlamentin işə başlaması münasibətilə ünvanladığı müraciətində “sağlıqsız etnik və regional qruplaşmaları” parlamentə zərər verən əsas amillərdən biri kimi dəyərləndirib.

2016-cı ildə İran Azərbaycanı və ölkənin digər bölgələrindən olan 100-ə yaxın türk vəkil İran Parlamentində “Türk Bölgələri Fraksiyası” təşkil etdilər. Təşkil edildikdən sonra xüsusilə İran millətçiləri arasında geniş təpkilərə yol açan fraksiyanın mövcudluğunu 10-cu dövrün sonuna qədər qoruyub-qorumadığına dair məlumat yoxdur.

Seyyid Əli Xameneyinin müraciətindən sonra, Türk Fraksiyasının yenidən gündəmə gəlməsi mümkün görünmür. Lakin, parlamentin işə başlaması ilə bərabər, İranın “Şimal-qərb Millət Vəkilləri Birliyi” də fəaliyyətini bərpa edib.

Şimal-qərb Millət Vəkilləri Birliyinin birinci iclası Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin İran Parlamentindəki 41 millət vəkilindən 34-ünün iştirakı ilə mayın 26-da keçirilib. İclasda Ərdəbil millət vəkili Əli Nikzad və Təbriz millət vəkili Məhəmmədrza Tacəddininin parlamentin idarə heyətinə seçilməsinin dəstəklənməsinə dair qərar qəbul edilib.

Ərdəbil millət vəkili və İran parlament sədrinin ikinci müavini Əli Nikzad
Ərdəbil millət vəkili və İran parlament sədrinin ikinci müavini Əli Nikzad

Parlamentin mayın 28-də keçirilən iclasında İranın sabiq Yol və Şəhərsalma Naziri və Ərdəbilin mühafizəkar millət vəkili Əli Nikzad 196 deputatın səsi ilə parlament sədrinin ikinci müavini olaraq seçilib. Tehranın sabiq meri Məhəmməd Bağır Qalibaf və Məşhəd millət vəkili Əmirhüseyn Qazizadə isə həmin səsvermə zamanı müvafiq olaraq İran Parlamentinin sədri və sədrin birinci müavini olaraq seçiliblər.

10-cu parlamentin idarə heyətində türk deputatlar daha yüksək nüfuza malik idilər. Təbriz millət vəkili Məsud Pezeşkiyan 10-cu parlamentin sədrinin birinci müavini vəzifəsində çalışırdı. O, eyni zamanda Türk Fraksiyasının başqanı idi. İslahatçı qruplara yaxın bir siyasətçi kimi tanınan Pezeşkiyan yenə parlamentdədir. Onun mühafizəkarların əksəriyyətdə olduğu 11-ci parlamentdə o qədər də aktiv rol oynayacağı gözlənilmir.

Bəzi şərhçilərə görə, “Şimal-qərb Millət Vəkilləri Birliyi” bir şəkildə “Türk Bölgələri Fraksiyası”nın funksiyasını yerinə yetirməkdədir. Lakin, Türk Fraksiyası İran Azərbaycanından əlavə Həmədan, Tehran, Qəzvin, Qum, Əlburz, Fars, Şimali Xorasan, Rəzəvi Xorasan, və İsfahan kimi vilayətlərdən olan təqribən 100 türk vəkilin iştirakı ilə təşkil edilmişdi.

Müxtəlif etnik icmalara mənsub millət vəkilləri sadəcə İran Parlamentinin idarə heyətinin seçilməsi və müxtəlif komissiyaların formalaşmasında deyil, nazirlərə etimad səsverməsində də aktiv rol oynayırlar.

İranın sabiq Sənaye, Mədən və Ticarət Naziri Rza Rəhmaninin dediklərinə görə, prezident Həsən Ruhani daha əvvəl hökümətin bəzi layihələrinin parlamentdən keçməsi üçün türk bölgələrinin vəkillərindən dəstək istəyib.

Sabiq Sənaye Naziri Rza Rəhmani may ayının 11-də vəzifəsindən uzaqlaşdırıldı. İran mətbuatında yazılanlara görə, Rəhmani 10-cu parlamentdə türk bölgələrinin vəkilləri arasında yüksək nüfuza malik idi.
Sabiq Sənaye Naziri Rza Rəhmani may ayının 11-də vəzifəsindən uzaqlaşdırıldı. İran mətbuatında yazılanlara görə, Rəhmani 10-cu parlamentdə türk bölgələrinin vəkilləri arasında yüksək nüfuza malik idi.

Rəhmani may ayının 11-də prezident Ruhani tərəfindən vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu barədə mətbuata açıqlama verdi.

Əslən Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən olan sabiq nazir Həsən Ruhaniyə ünvanladığı açıq məktubda yazıb ki, “cənab prezident, yəqin bilirsiniz ki, 2020 may ayının 6-da cənab Vaizi (prezident ofisinin rəhbəri) mənimlə təmas qurub və təhdid etdi ki, Ticarət Nazirliyinin təşkili ilə əlaqədar layihənin parlamentdən keçməməsi təqdirdə mən vəzifəmdən uzaqlaşdırılıcağam. O, məndən xüsusilə türk millət vəkilləri arasında lobbiçilik edərək onların dəstəyini almağımı tələb etmişdi. Mən də demişdim ki, mən özüm razıyam, amma, məclis mənim əlimdə deyil ki.”

XS
SM
MD
LG