Accessibility links

Fransa Putinin müharibəni bitirməkdə maraqlı olmadığını deyir


Vladimir Putin
Vladimir Putin

Fransa Prezident aparatının rəsmisi bildirib ki, Rusiya Prezidenti Vladimir Putin martın 12-də Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltzla telefon danışığı zamanı Ukraynaya hərbi müdaxiləyə son qoymaqda maraqlı olmayıb.

Putin iki həftə öncə səbəbsiz hücum başladandan bəri onunla danışmağa davam edən Fransa və Almaniya liderləri atəşkəs çağırışlarını təkrarlayıblar.

Makron dəfələrlə Putini Ukrayna qüvvələrinin insan hüquqları pozuntuları etdiklərini ittiham etməklə “yalan söyləməkdə” günahlandırıb.

Rusiya qüvvələri fevralın 24-də Putin hərbi müdaxiləni elan edəndən bəri Ukraynanı, o cümlədən doğum evi kimi mülki binaları bombalayır və günahsız insanları öldürür.

Bu arada isə Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, döyüşlər başlayandan bəri təxminən 1300 Ukrayna əsgəri öldürülüb. Rusiya qoşunları arasında itkilərin bir neçə min olduğu güman edilir.

Martın 12-də Kyivin şimal-qərbində döyüşlər gedib. Britaniyanın müdafiə naziri deyib ki, Rusiya qüvvələrinin böyük bir hissəsi Ukrayna paytaxtının mərkəzindən 25 kilometr uzaqdadır, tanklar və artilleriya isə artıq mühasirə olunan ərazilərə atəş açır.

Yerli medianın məlumatına görə, martın 12-də Ukraynanın bir neçə şəhərində havadan hücumla bağlı xəbərdarlıq edən və insanları sığınacaq axtarmağa çağıran sirenalar səsləndirilib.

Zelenski martın 12-də deyib ki, Rusiya son onillərdə ən böyük itkilərdən sonra Ukraynaya yeni qüvvə göndərir.

Zelenski televziyada yayımlanan çıxışında Rusiyanı mühasirəyə alınan Mariupol şəhərindən evakuasiyalara imkan vermək məqsədilə əldə olunan atəşkəsə əməl etməyə çağırıb, bundan əvvəl isə öncəki cəhdlərin iflasa uğramasına görə Moskvanı günahlandırıb.

BMT-nin Ukrayna üzrə böhran koordinatoru deyir ki, qurum münaqişədəki hər iki tərəflə ehtiyac olan yardımın çatdırılması üçün dəhlizlərin yaradılması ilə bağlı razılıq əldə etməyə çalışır.

Amin Avad martın 12-də Associated Press-ə bildirib ki, dəhlizlər və müvafiq atəşkəslərlə bağlı irəliləyiş əldə olunur, ancaq o, onları sürətli şəkildə həyata keçirməyə qarşı müqavimət səbəbilə məyusluğunu ifadə edib.

Müxbirlər deyib ki, Ukraynanın Kyivin cənubunda hərbi aerodromu Rusiya raketləri tərəfindən hədəf alınıb. Vasilkivin meri deyib ki, hücum uçuş-eniş zolağını və yanacaq anbarını dağıdıb, habelə sursat anbarında partlayışlara səbəb olub.

Ukraynanın Xarici İşlər Nazirliyi martın 12-də Rusiya qüvvələrini Mariupol şəhərində məscidi atəşə tutmaqda ittiham edib. Həmin zaman orada Türkiyə vətəndaşları daxil olmaqla 80 insan olub.

Nazirlik ölən və ya yaralananların olub-olmadığını bildirməyib.

Müxbirlərin Rusiyanın mülki ərazilərə hücum etdiyinə dair konkret dəlilləri sənədləşdirməsinə baxmayaraq, Moskva mülki əraziləri hədəf aldığını inkar edir.

BMT martın 11-də Rusiya qüvvələrinin Ukraynanın mülki ərazilərində kaset bombalarından istifadə etdiyinə dair etibarlı məlumatlar əldə etdiyini bildirib. Beynəlxalq qanunlar geniş bir əraziyə kiçik partlayıcılar səpələyən bombalardan şəhərlərdə istifadəsini qadağan edir.

Bu arada baş nazirin müavini İrina Vereşçuk deyib ki, o, martın 12-də Ukrayna şəhərlərindən, o cümlədən Mariupoldan bir neçə humanitar dəhlizin açılacağına ümid bəsləyir.

“Ümid edirəm ki, bu gün yaxşı keçəcək, bütün planlaşdırılan yollar açılacaq və Rusiya atəşkəs rejiminə əməl etmək öhdəliklərini yerinə yetirəcək,” Vereşçuk video müraciətində bildirib.

Ancaq Kyiv regionunun qubernatoru deyib ki, evakuasiya cəhdləri zamanı döyüşlər və Rusiyanın hava hücumu təhlükəsi davam edir.

Mariupola aramsız hücumlar şəhərə ərzaq və su çatdırmaq, ilişib qalan mülki vətəndaşları təxliyə etmək səylərinə əngəl olub.

BMT-nin humanitar ofisi Mariupolda ilişib qalan insanların çarəsiz olduğunu deyib.

“Mülki vətəndaşlar arasında şəhərdə qalan çox az sayda təməl ehtiyaclar üzərində zorakı qarşıdurmaların və talançılığın olduğuna dair məlumatlar var,” Humanitar Məsələlərin Koordinasiyası İdarəsi martın 12-də bildirib. “Həyata təhlükə yaradan xəstəliklər üçün dərmanlar sürətli şəkildə tükənir, xəstəxanalar qismən fəaliyət göstərir, ərzaq və su qıtlığı var.”

Merin ofisinin bildirdiyinə görə, 12 gündür davam edən hücumda Mariupolda ölənlərin sayı 1500-ü ötüb. Davamlı atışma səbəbilə kütləvi məzar qazıma işləri dayandırılıb, ona görə də “ölülər heç basdırılmır belə,” mer deyib.

Bu həftə şəhərdə doğum evinə ölümcül hücum beynəlxalq qınaqlara və müharibə cinayəti ittihamlarına səbəb oldu.

Ümumdünya Səhiyyə Təşkilatı Ukraynada səhiyyə müəssisələrinə 29 hücumun olduğunu və bu hücumların 12 nəfərin, o cümlədən iki səhiyyə işçisinin ölümü, 34 nəfərin yaralanması ilə nəticələndiyini təsdiqləyib.

Ukrayna rəsmiləri Ruisyanı cənubda yerləşən Mikolayiv şəhərində xərçəng hospitalını və bir neçə yaşayış binasını dağıtmaqda ittiham edib.

Bu arada isə Melitopol şəhərinin sakinləri şəhər merinin sərbəst buraxılmasına çağıramaq üçün etiraz aksiyası keçiriblər. Nəzarət kameraları onun Rusiya əsgərləri tərəfindən mühasirəyə alınaraq bələdiyyə binasından çıxarıldığını göstərir.

Rəsmiləri martın 11-də deyib ki, Melitopolun meri İvan Fedorov terrorçuluqda ittiham olunandan sonra Rusiya qüvvələri tərəfindən qaçırılıb. Zelenski onun qaçırılmasını “terrorun yeni mərhələsi” adlandırıb.

Zelenski martın 12-də Rusiyaya Federovu sərbəst buraxması üçün təzyiq göstərmələri ilə bağlı Almaniya Kansleri Olaf Şoltz və Fransa Prezidenti Emmanuel Makronla danışıb.

“Biz dünya liderlərindən vəziyyətə necə təsir göstərə bildiklərini göstərmələrini gözləyirik,” Zelenski deyib.

Ukrayna rəsmilərinin dediyinə görə, Fedorov “düşmənlə əməkdaşlıq etməkdən imtina etdiyinə” görə qaçırılıb.

Rusiya qüvvələri Kyivdən 470 kilometr uzaqda yerləşən Mikolayivə hücumları artırıb və şəhəri mühasirə etməyə çalışır.

Münaqişə səbəbilə artıq 2.5 milyon insan ölkədən qaçıb.

XS
SM
MD
LG