Fransa prokurorları Telegram-ın rəhbəri Pavel Durovu platformadan qanunsuz fəaliyyətlər üçün istifadə edildiyinə dair iddialara görə dörd gün sorğu-sualdan sonra çərşənbə günü polis nəzarətindən azad edib.
Durov 12 cinayət pozuntusu ittihamı ilə bağlı açılmış məhkəmə istintaqı çərçivəsində şənbə günü Paris yaxınlığındakı Le Burje hava limanında saxlanılıb.
Paris prokurorluğunun bəyanatında "İstintaq hakimi Pavel Durovun polisdə saxlanma müddətini sona çatdırıb və ilkin ifadə və mümkün ittiham aktı üçün onu məhkəməyə sövq edəcək" deyilib.
Fransa vətəndaşı olan Durova qarşı digər iddialar arasında onun platformasının uşaqlara qarşı cinsi istismar materialları, narkotik vasitələrin qanunsuz dövriyyəsi, fırıldaqçılıq və mütəşəkkil cinayətkarlıq əməliyyatları üçün istifadə edilməsi, eləcə də Telegram-ın qanunun tələb etdiyi hallarda müstəntiqlərlə məlumat və ya sənədləri paylaşmaqdan imtina etməsi daxildir.
Onun Fransada həbsi Rusiyada hiddətə səbəb olub. Bəzi hökumət rəsmiləri bunu siyasi motivli və Qərbin söz azadlığına ikili standartının sübutu adlandırıb. Bu etiraz Kreml tənqidçiləri arasında çaşqınlığa səbəb olub. Belə ki, 2018-ci ildə Rusiya hakimiyyəti Telegram-ı bloklamağa çalışsa da, 2020-ci ildə qadağanı ləğv edib.
Ölkənin şiə teokratiyasına meydan oxuyan etiraz aksiyalarından sonra Telegram-ın rəsmi qadağasına baxmayaraq, Telegram-ın geniş istifadə olunduğu İranda Durovun Fransada həbsi İslam Respublikasının ali liderinin şərhlərinə səbəb olub. Ayətullah Əli Xameneyi internetdə "idarəçiliyinizi pozanlara" qarşı "sərt" olduğuna görə Fransaya üstüörtülü təriflər yağdırıb.
Fransa prezidenti Emmanuel Makron bazar ertəsi Durovun həbsinin siyasi bir addım olmadığını, müstəqil istintaqın bir hissəsi olduğunu deyib. Makron X-də yazıb ki, ölkəsi ifadə azadlığına "dərindən sadiqdir", lakin "vətəndaşları qorumaq və onların əsas hüquqlarına hörmət etmək üçün həm sosial mediada, həm də real həyatda azadlıqlar qanun çərçivəsində qorunur”.
Durovun həbsindən sonra öz platformasında yayımlanan bəyanatda Telegram-ın Avropa İttifaqı qanunlarına əməl etdiyi və onun moderasiyasının "sənaye standartları çərçivəsində fəaliyyət göstərdiyi və daim təkmilləşdiyi" bildirilib.
Durov Rusiya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Karib adaları dövləti Sent Kitts və Nevis vətəndaşıdır.
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib ki, "işi yaxından izləyir" və Fransadan Durovu "təcili şəkildə bütün lazımi konsulluq xidmətləri ilə təmin etməyi" xahiş edib.
Kremlin sözçüsü Dmitri Peskov Durovun "hüquqi müdafiəsi üçün bütün lazımi imkanlara malik olduğuna" ümid etdiyini bildirib və əlavə edib ki, Moskva Rusiya vətəndaşı kimi Telegram-ın baş direktoruna "bütün lazımi yardım və dəstəyi göstərməyə" hazırdır.
Forum