Ukrayna prezidenti Volodimir Zelenski cümə günü Parisə səfəri zamanı Fransa və Ukrayna ikitərəfli təhlükəsizlik sazişi imzalamağa hazırlaşır.
Fransa prezidenti Emmanuel Makronun ofisi bunu cümə axşamı elan edib, lakin müqavilə ilə bağlı təfərrüatları açıqlamayıb.
Zelenskinin Fransaya səfəri zamanı Makron "Fransa bütün tərəfdaşları ilə birlikdə Ukraynaya və Ukrayna xalqına sarsılmaz və uzunmüddətli dəstəyini davam etdirmək əzmini bir daha təsdiq edəcək"- deyə, Fransa prezidentinin ofisi bildirib.
Ofisinin bildirdiyinə görə, kansler Olaf Şolzla danışıqlar aparmaq üçün Zelenski cümə günü Almaniyaya da səfər edəcək.
Görüşlər Zelenskinin qatılacağı Münhen Təhlükəsizlik Konfransı da daxil olmaqla, bu həftə çox sayda beynəlxalq toplantılar fonunda keçirilir.
NATO-nun müdafiə nazirləri cümə axşamı Brüsseldə bir araya gələrək, Rusiyanın təxminən iki il əvvəl başladığı genişmiqyaslı təcavüzünə qarşı Ukraynaya verdiyi dəstəyi necə davam etdirəcəklərini müzakirə ediblər.
NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı müttəfiqlərin "Ukraynanın ehtiyac duyduğu silahları, təchizatları və sursatları almasını təmin etmək üçün" müdafiə istehsalını artırmalı olduqlarını deyib.
Stoltenberq deyib ki, o, dekabr ayında maliyyə vəsaiti bitdikdən sonra ABŞ Konqresinin Ukraynaya yeni dəstək paketi ilə bağlı razılığa gəlməsini də gözləyir.
NATO rəhbəri jurnalistlərə "Ukraynaya dəstək xeyriyyəçilik deyil, Ukraynaya dəstək öz təhlükəsizliyimizə sərmayədir" deyib.
Ukrayna cümə axşamı bildirib ki, Rusiyanın raket hücumları Ukraynanın bir neçə bölgəsini hədəf alıb. Rusiyanın Belqorod şəhərində isə rəsmilər Ukraynanın hücumunda ən azı 5 nəfərin öldüyünü bildirib.
Belqorod bölgəsinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukraynanın hücumunda əlavə 18 nəfər xəsarət alıb.
Rusiyanın müdafiə naziri Ukrayna ilə sərhədə yaxın yerləşən və dəfələrlə Ukraynanın hücumlarına məruz qalan Belqorod ərazisində 14 raketi məhv etdiyini bildirib.
Ukrayna rəsmiləri deyir ki, Rusiyanın cümə axşamı atdığı raketlər ən azı altı nəfəri yaralayıb, bir neçə binaya ziyan vurub.
Ukraynanın qərbində Lviv bölgəsinin qubernatoru Maksim Kozitski deyib ki, raketlər infrastruktur binasını və bir neçə evi dağıdıb, nəticədə üç nəfər xəsarət alıb.
Zaporijjye şəhərində rəsmilər Rusiyanın hücumu nəticəsində dörd nəfərin yaralandığını, məktəb və mağazaya ziyan dəydiyini deyib.
Rusiya raketləri həmçinin Ukrayna paytaxtı Kyivi hədəf alıb ki, orada rəsmilər hava hücumundan müdafiə qüvvələrinin raketlərin hər birini vurduğunu və heç kimin xəsarət almadığını bildirib.
Ukrayna hava qüvvələri Rusiyanın ümumilikdə 26 raket atdığını, Ukrayna hava hücumundan müdafiə sisteminin onlardan yarsını məhv etdiyini bildirib.
Forum