Accessibility links

Frank Şvabe: Fuad Qəhrəmanlının sağlıq vəziyyəti ilə bağlı məlumatlar tam şəffaf olmalıdır


Frank Şvabe
Frank Şvabe

“Azərbaycandakı həbs və işgəncə xəbərlərindən çox narahatam. Bu proses beynəlxalq səviyyədə araşdırılmalıdır. Məsul şəxslər cavab verməlidirlər.”

Bu barədə AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar qrupunun sədri, Almaniya parlamentinin deputatı Frank Şvabe özünün Twitter hesabında qeyd edib.

“Fuad Qəhrəmanlının vəziyyəti haqda ciddi narahatlıq var. Azərbaycanda onun sağlıq vəziyyəti ilə bağlı məlumatlar tam şəffaf olmalıdır,” o bildirib.

Fuad Qəhrəmanlı Bakıda keçirilmiş nümayişlə əlaqədar iyulun 23-də saxlanılıb. Bir qrup aksiya iştirakçısı Azərbaycan parlamentinə daxil olub və bundan sonra polis minlərlə nümayişçini dağıdıb.

Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri bildirib ki, o, AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməsi üçün amansız işgəncələrə məruz qalıb.

Hüquq müdafiəçilərinin iddiası Baş Prokurorluq tərəfindən təkzib olunub.

Ombudsman Aparatının məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva avqustun 3-də təcridxanada Fuad Qəhrmanlı ilə görüşüb.

“...Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı və Seymur Əhmədov konfidensial qaydada qəbul olunub və onların müraciəti dinlənilib. Fuad Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı Fuad Qəhrəmanlı və Seymur Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər,” Ombudsman Aparatının məlumatında deyilir.

Bununla yanaşı, vəkil Bəhruz Bayramov çoxsaylı müraciətlərinə baxmayaraq yalnız avqustun 6-da 1 saylı Bakı İstintaq Təcridxanasında Fuad Qəhrəmanlı ilə görüşə buraxılıb.

Vəkil Amerikanın Səsinə bildirib ki, görüş bir dəqiqə yarım çəkib. Qəhrəmanlı onun xidmətindən və apellyasiya şikayətindən imtina edib.

“O, mənə təşəkkür etdi və dedi ki, hələlik onun müdafiəsinə ehtiyac yoxdur,” vəkil bildirib.

Eyni zamanda, Fuad Qəhrəmanlı deyib ki, istintaqa heç bir ifadə, o cümlədən etirafedici ifadə verməyib.

Qəhrəmanlının işgəncəyə məruz qalması ilə bağlı şikayət edib-etməməsi barədə sualı vəkil belə cavablandırıb: “Bu barədə heç nə demədi, ancaq onu dedi ki, mənim iştirakıma ehtiyac yoxdur.”

“Fuad Qəhrəmanlı necə görünürdü, vəziyyəti necə idi?” sualına vəkil birmənalı cavab verməkdə çətinlik çəkib: “Mən həkim deyiləm, nəsə demək çətindir. Onun yalnız sifətini görə bildim,” Bayramov qeyd edib.

Avqustun 5-də Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətinin `siyasi müxalifəti, ifadə azadlığını, dinc toplaşmaq və birləşmək azadlığı hüququnu amansız şəkildə boğmasını` pisləyən bəyanat yayıb.

“Sonuncu həbs və qorxutma dalğası onsuz da həddindən artıq dağılmış müxalifətin məhvinə gətirib çıxara bilər. 100-dən çox insan, xüsusən müxalifət fəalları və onların tərəfdarları iyulun 14-15-də Bakının mərkəzində keçirilən mitinqdən sonra siyasi motivlərlə həbs edilib,” bəyanatda bildirilir.

Bundan sonra prezident İlham Əliyev açıq şəkildə müxalifəti zorakılıqda ittiham edib, ölkəni “beşinci kolon”dan və “ermənidən daha betər olan düşmənlərdən” təmizləməklə hədələyib.

“Azərbaycan hakimiyyəti siyasi motivli təqiblərə, siyasi rəqiblərini və onların tərəfdarlarını qorxutmağa və onlara qarşı repressiyalara son qoymalıdır. İnsan hüquqlarını həyata keçirdiklərinə görə cinayət işləri və ya inzibati işlər üzrə özbaşına həbs edilmiş bütün şəxslər dərhal və qeyd-şərtsiz azad edilməlidir”- deyə, bəyanatda bildirilir.

14-15 iyul mitinqi zamanı həbs edilmiş 70 nəfərdən başqa Azərbaycan hakimiyyəti çox sayda müxalifət fəalını və liderini saxlayıb. 60-dan çox insan isə ictimai asayişi pozmaqdan polisə müqavimətə qədər ən müxtəlif ittihamlarla həbs edilib. Həbslər konkret olaraq AXCP üzvlərinə, o cümlədən partiyanın 4 rəhbərinə - Asif Yusifli, Bəxtiyar İmanov, Fuad Qəhrəmanlı və Məmməd İbrahimə qarşı yönəlib.

"Onlar hamısı hakimiyyəti zorla ələ keçirməyə cəhd və iğtişaşların təşkili kimi uydurma ittihamlarla uzun müddətə azadlıqdan məhrum edilə bilər. Onların vəkillərlə görüşünə icazə verilmir və qeyri-rəsmi məlumatlara görə, onlar amansız işgəncələrə məruz qalır," Amnesty International-ın bəyanatında bildirilir.

Öz növbəsində, Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG