Accessibility links

“Qərbin maliyyə institutları Azərbaycan hökümətinə təsir etmək gücündədirlər”


Freedom House təşkilatının Avrasiya regionu üzrə direktoru Mark Berendt Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project - OCCRP) hesabatı ilə bağlı Amerikanın Səsinə müsahibə verib.

Amerikanın Səsi: Azərbaycanın $2.9 milyard dollar həcmində pulyuma əməliyyatları və Avropa qanunvericilərini satın alması ilə bağlı OCCRP-nin dərc etdiyi araşdırma ilə tanışsınız. Aydındır ki, Azərbaycan höküməti xaricdəki reputasiyasına ciddi əhəmiyyət verir. Bunun səbəbi nədir?

Mark Berendt: Birmənalı olaraq Azərbaycan hakimiyyətini xaricdəki imici narahat edir. Onlar illər ərzində öz maraqlarını təşviq etmək üçün lobbiçilərə, qanuni yollarla milyonlarla dollar ödəyiblər. İndi isə, “Azərbaycanın pulyuyan maşını” hesabatında gördüyümüz kimi, onlar öz maraqlarının xaricdəki təbliğatını qeyri-qanuni yollara da edirlər. Bunun müxtəlif səbəbləri var. İlk növbədə, çox güman ki, bu eqo məsələsidir və İlham Əliyevdən daha öncə, prezident Heydər Əliyevin dövründən müşahidə olunur. Heydər Əliyev xaricdəki reputasiyasına ciddi yanaşırdı və vaxt ilə bu, onun oğluna keçərək, hökümətin işləmə metoduna çevrildi. Bu isə getdikcə daha çətinləşir. Belə ki, insan hüquqları, seçkilər, müstəqil mətbuat və buna bənzər göstəricilərdə onların reputasiyası bərbaddır. Düzdür, Azərbaycan hakimiyyətinin beynəlxalq insan hüquqları təşkilatlarının dediklərinə əhəmiyyət vermədiyi görünür. Buna baxmayaraq, xarici hökümətləri təmsil edən siyasətçilərin nə dediyinə, nə fikirləşdiklərinə ciddi yanaşırlar.

Amerikanın Səsi: Şimali Koreya, Suriya kimi ölkələrdən fərqli olaraq, Azərbaycan Qərb institutları və maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu, Qərbin Azərbaycan kimi ölkələrə siyasi təsir imkanlarına malik olduğu nümayiş etdirmirmi?

Mark Berendt
Mark Berendt

Mark Berendt: Qərbin maliyyə institutları Azərbaycan hökümətinə təsir etmək gücündədirlər. Amma, təəssüf ki, onlar bu gücü istifadə etmirlər. Bu da Freedom House kimi beynəlxalq təşkilatların illər ərzində qaldırdığı məsələlərdən biridir. Həmin maliyyə institutları pulun hara getdiyinə, necə xərclədiyinə diqqətlə yanaşmalıdır. Əksər hallarda onlar deyirlər ki, bu onların mandatına daxil deyil. Amma, bu mütləq onların mandatında olmalıdır. Onu qeyd etməliyik ki, bütün maliyyə institutları haqqında bunu demək olmaz. Korrupsiya hallarına ciddi yanaşan maliyyə qurumları az deyil və bu sahədə inkişaf da hiss olunmaqdadır. Onlar adı korrupsiya ilə hallanan hökümətlərlə çalışanda diqqətli olurlar. Amma təəssüf ki, bu kifayət edəcək səviyyədə deyil. İnsan hüquqları onların mandatı daxilində kifayət qədər möhkəmlənməyib. Digər təzyiqlər, məsələn Maqnitski Aktı kimi fərdləri hədəfləyən sanksiyaların təsiri mövcuddur. Orada korrupsiya hallarına ciddi fikir verilir. Amma, maliyyə institutlarının bu sahədə görəsi çox işləri var.

Amerikanın Səsi: Avropa Şurasına qoşulmaqdan öncə Azərbaycanda dinamik müxalifəti, güclü müstəqil mediası və vətəndaş cəmiyyəti institutları mövcud idi. Azərbaycanın qurumda olduğu 16 il ərzində həmin institutlar kəskin şəkildə zəifləyib. Siz azərbaycanlılara necə izah edərsiniz ki, Qərb həqiqətən ölkədəki demokratiyaya əhəmiyyət verir?

Mark Berendt: Mən düşünmürəm ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətdə ölkənin Avropa Şurasındakı üzvlüyünü günahlandırmaq olar. Avropa Şurasının və xüsusilə də Avropa İnsan Hüququları Məhkəməsinin digər beynəlxalq təşkilatlarla müqayisədə həqiqi təsir imkanları var. Amma, bu o demək deyil ki, onlar üzv ölkələrin əvəzinə iş görə bilərlər. Təəssüf ki, Azərbaycan özünə qarşı hər hansı məhkəmə qərarı çıxanda, cəriməni ödəməyə normal yanaşır. Daha sərt mexanizmlərin olmaması, o demək deyil ki, Qərb Azərbaycandakı vəziyyətə ciddi yanaşmır.

Amerikanın Səsi: Azərbaycandakı siyasi mühit, vətəndaş cəmiyyətinə qarşı repressiyalar, o cümlədən korrupsiya ətraflı sənədləşdirilib. Bununla bərabər, Avropa təşkilatları, şirkətləri və bankları Azərbaycanın həyata keçirdiyi korrupsiya əməliyyatlarının aparıcı vasitəçiləridir. Bu o demək deyilmi ki, Avropanın özünün demokratiya ilə problemi var? Bu hesabatı oxuyan azərbaycanlıların gözündə, Avropanın Azərbaycana demokratik normalar haqqında mühazirələr oxumasına mənəvi haqqı çatırmı?

Mark Berendt: İnsan hüquqlarını, demokratiyanı düşünən insanlar və korrupsiya ilə mübarizə aparmağa hazır olanlar, kimliyindən, yaşadıqları yerdən asılı olmayaraq, bu barədə danışmalıdırlar. ABŞ, Avropa və Azərbaycanda korrupsiyalaşmış insanların olması o demək deyil ki, həmin ölkələrdə dediyim dəyərlərə əhəmiyyət verən insanların bu barədə danışmağa mənəvi haqqı yoxdur. Onların mənəvi haqqı var və bu, hətta onların məsuliyyətidir. Məyusedici hal odur ki, “Azərbaycanın pulyuyan maşını” adlandırdığınız fakta bənzər proseslər digər ölkələrə də təsir edir. Belə hallarla, korrupsiya Avropada da yayılmağa başlayır. Əvvəllər adları korrupsiya ilə hallanmayan və manipulasiya edilməyən siyasətçilər indi korrupsiyaya bulaşır və manipulasiya edilir. Mən bu insanları müdafiə etmək istəmirəm və onları qurban hesab etmirəm. Onlar iştirakçıdırlar. Sadəcə bu hallar göstərir ki, korrupsiyanın yayılma meyli var. O virus kimi yayılır. Hər kəs əlindən gələni etməlidir ki, bunun qarşısı alınsın.

Amerikanın Səsi: Azərbaycan kimi ölkələrdə insan hüquqları pozuntuları diqqətsiz qalmaması, qarşısı alınması üçün Freedom House kimi beynəlxalq təşkilatlar nə işlər görə bilərlər?

Mark Berendt: Freedom House özünün illik hesabatlarıını dərc edir. Bu hesabatlar ölkələrdə müsbət və ya mənfi dəyişiklikləri nümayiş etdirməkdə mötəbər mənbələr hesab olunur. Biz baş verənlər haqqında geniş məlumatlar yaymağa davam etməliyik. Əskər hallarda bu bəyanatlar və müsahibərlər yolu ilə olur. Amma, əhəmiyyəli hesab etdiyimiz iş, hadisələrin sənədləşdirilməsidir. Bu, bizim edə biləcəyimiz işlərdən biridir. Biz həqiqəti deyə bilərik. Görə biləcəyimiz digər iş, insan hüquqları fəallarını, demokratiya təbliğatçılarını və korrupsiya ilə mübarizə aparanları dəstəkləməkdir. Onların bacarıqlarının artırılması, onlara siyasi dəstək verilməsi, onların edə biləcəkləri işlərdə yardımçı olmaq... Bizim dünyanın hər bir yerində bu etmək məsuliyyətimiz var.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG