Accessibility links

Freedom Now-nun direktoru: "Senatorlar Bəxtiyarla bağlı Dövlət Departamentinə sorğu da göndərib"


ABŞ-ın beş senatoru demokratiya fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması barədə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Müraciətin sponsoru olan Freedom Now təşkilatının icraçı direktoru Maran Turner (Maran Töner) Amerikanın Səsinə verdiyi müsahibədə bildirib ki, Bəxtiyar Hacıyevin azad edilməsi ilə bağlı ABŞ Dövlət Departamenti rəsmilərinə, eləcə də Azərbaycanın Vaşinqtondakı səfirliyinə özəl sorğu da göndərilib. Xanım Turnerlə müsahibəni sizə təqdim edirik.


Sual:
Dünən Freedom Now təşkilatı 5 ABŞ senatorunun Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı Azərbaycan Prezidentinə ünvanladığı məktubu yayıb. Sizin təşkilatın burada rolu nədən ibarət olub və bu çağırış barədə ətraflı məlumat verməyinizi xahiş edərdik.

Cavab:
Freedom Now təşkilatı ABŞ Konqresi ilə yaxından əməkdaşlıq edir. Biz vicdan məhbusu kimi tanıdığımız insanlar barədə məlumatların yayılması və onların hökumətlərinə təzyiq göstərmək üçün hökumət rəsmiləri, eləcədə qanunvericilərlə işləyirik. Bu konteksdə bir çox idarələrlə təmas quraraq Azərbaycandakı vəziyyəti və xüsusilə də Bəxtiyar Hacıyevin məsələsini izah etdik. Mən şəxsən bir sıra ABŞ senatorunun köməkçiləri ilə görüşmüşəm. Bəxtiyarın məsələsinə diqqət yüksək oldu. Başqa addımlar da atılıb. Bunlara Senat və ya Konqres ofisləri tərəfindən bir çox ABŞ hökumət rəsmilərinə və Dövlət Departamentinə, o cümlədən Azərbaycanın Vaşinqtondakı səfirliyinə özəl sorğular göndərilməsi daxildir. Bu sırada həmçinin ABŞ-ın 5 senatoru tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə göndərilən açıq məktub da var.


Sual:
Burada 5 senatordan söhbət gedir. Siz bu barədə senatorlara müraciət edərkən onları hansı kriteriyalara görə seçirsiniz?

Cavab:
Freedom Now senatorları seçmir. Biz onlara vəziyyəti izah edirik və bu məsələlərdə iştirak edib-etməmək qərarını onlar özləri verir. Bəxtiyarla bağlı məsələdə senator Mark Körk və senator Bin Kardin xüsusilə narahatlıq keçiriblər. Elə bu məktubun əsas təşəbbüskarları da bu iki senator olub. Biz digər senatorların ofisləri ilə də əlaqə saxladıq ki, bəlkə bu müraciət başqa senatorlar tərəfindən də dəstəklənər. Ona görə, senatorların seçimində Freedom Now heç bir rol oynamır.

Sual:
Ümumilikdə Freedom Now təşkilatı Azərbaycanda insan haqlarının vəziyyətini necə qiymətləndirir?

Cavab:
Biz dünya boyu vicdan məhbusları məsələsi üzrə individual iş aparırıq. Təəssüf ki, Azərbaycanda da müxtəlif dəyərləndirmərə görə 20-dən 70-dək vicdan məhbusu var. Bu açıq şəkildə göstərir ki, Azərbaycanda demorkatiya inkişaf etmir. İlham Əliyevin rəhbərlik etdiyi hökumət özü əməlləri ilə avtokratik olduğunu nümayiş etdirir. Ölkədə demokratik islahatlar istəyən çoxsaylı insan var. Azərbaycanın Qərb demokratiyaları ilə yaxşı əlaqələrinin olduğunu nəzərə alaraq bu insanlar öz hökumətlərinin demokratik olmadığını deyirlər. Onlar sərbəst danışmaq, hökuməti sərbəst şəkildə tənqid etmək və korrupsiyaya uğradığını düşündükləri hökumətlərini dəyişmək istəyirlər.

Sual:
Sizin təşkilat Azərbaycandakı başqa vicdan məhbusları ilə bağlı kampaniyalar keçirməyi planlaşdırırmı?

Cavab:
Freedom Now 2008-ci ildə həbs edilmiş tanınmış bloggerlər Emin Milli və Adnan Hacızadənin məsələsini nəzarətə götürmüşdü. Hazırda isə nəzarətə götürdüyümüz məsələ Bəxtiyar Hacıyevin məsələsidir. Azərbaycanda çoxsaylı vicdan məhbusunun olduğunu nəzərə alaraq biz məsələni diqqətdə saxlayacağıq.

XS
SM
MD
LG