Accessibility links

Güneydə yeni həbslər və həbs hökmləri


Seyid Camal Musəvinejad, Röya Sağıri və Pərisa Rəfii
Seyid Camal Musəvinejad, Röya Sağıri və Pərisa Rəfii

Son həftələrdə Babək Qalası və Savalan Dağı yürüşləri zamanı baş verən həbs dalağalarından sonra, İran Azərbaycanında daha əvvəl mühakimə olunmuş bir neçə tələbə fəal və türk dil haqları müdafiəçisinə qarşı da həbs hökmü çıxarılıb və ya icraya qoyulub.

Hüquq müdafiəçilərinin yaydığı xəbərlərə əsasən, tələbə fəal Röya Sağırinin 23 aylıq həbs müddətini keçirmək üçün Təbriz zindanına göndərilməsindən bir gün sonra, digər tələbə fəal Pərisa Rəfii 7 il həbs və 74 şallaq cəzasına məhkum olub.

Qadın məmur əli qandallı Röya Sağırini həbsxanaya aparır
Qadın məmur əli qandallı Röya Sağırini həbsxanaya aparır

Həmçinin Amerikanın Səsinin əldə etdiyi məlumata görə, keçən iyul ayında kassasiya şikayəti rədd edilən türk fəal və həkim Seyyid Camal Musəvinejad 1 il həbs müddətini keçirmək üçün Sarab şəhərinin həbsxanasına göndərilib.

Tehran Universiteti İncəsənt Fakültəsinin tələbəsi və əslən Zəncan şəhərindən olan Pərisa Rəfii keçən fevralın 25-də nəzarət altına alınıb, Evin həbsxanasının Ettelaata məxsus bölməsində sorğu-sual edildikdən sonra martın 19-da zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Pərisa Rəfiiyə qarşı irəli sürülən ittihamların əsaslandırılması hüquqi baxımdan etibarsızdır.
Səid Xəlili, vəkil

Tehran İnqilab Məhkəməsi onu “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə”, “rejimə qarşı təbliğat fəaliyyəti” göstərmək və “ümumi intizamı pozmaq” ittihamları ilə mühakimə edib.

Feminist və türk dil haqları müdafiəçisi Səfiyə Qarabağinin bildirdiyinə görə, 7 il həbs və 74 şallaq cəzasından əlavə, Pərisa Rəfiinin ölkədən çıxışı, həmçinin hər hansı siyasi və ictimai quruma üzvlüyü 2 il yasaqlanıb. Səfiyə Qarabağı Pərisa Rəfiinin xalasıdır.

21 yaşlı tələbənin vəkili Səid Xəlili ona qarşı çıxarılan 7 il həbs hökmünü insafsız və əsassız olaraq dəyərləndirib.

Cənab Xəlili öz Facebook səhifəsində yazıb ki, Pərisa Rəfiiyə qarşı irəli sürülən ittihamların əsaslandırılması hüquqi baxımdan etibarsızdır.

Pərisa Rəfii
Pərisa Rəfii

“Maraqlı budur ki, müttəhimin sorğu-sual prosesində ‘əməkdaşlıq etməyərək’ bütün ittihamları rədd etməsi məhkəmə tərəfindən sənəd olaraq qəbul edlib,” deyə Səid Xəlili bildirib.

Türk fəal Seyyid Camal Musəvinejad isə avqustun 25-də “bölücü etnosentrist (qövmgera) qrupların xeyrinə rejimə qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamı ilə məhkum olduğu 1 illik həbs müddətini keçirmək üçün Şərqi Azərbaycanın Sarab şəhərində həbsxanaya göndərilib.

XS
SM
MD
LG