Accessibility links

Qəzzaya Kiprdən keçən yardım dəhlizi bazar gününə qədər açıla bilər


Avropa Komissiyasının sədri Ursula Von der Leyen cümə günü bildirib ki, cümə axşamı prezident Co Bayden illik hesabat məruzəsində qeyd etdiyi kimi, Kiprin dəniz limanı vasitəsilə Qəzzaya yardımın çatdırılması təşəbbüsü bazar gününə qədər işə düşə bilər.

Cümə günü Kipr prezidenti Nikos Xristodulideslə birgə keçirilən mətbuat konfransında danışan Von der Leyen dəhlizin açılışının çox yaxın bir zamanda olacağını, bazar günü və bəlkə də şənbə günü işə başlaya biləcəyini deyib. O, layihənin ilk yoxlamasının cümə günü işə salındığını bildirib.

ABŞ prezidenti Bayden Konqresə illik müraciətində deyib ki, ABŞ ordusu "Aralıq dənizində Qəzza sahillərində ərzaq, su, dərman və müvəqqəti sığınacaqlar daşıyan böyük yükləri qəbul edə biləcək müvəqqəti körpü yaratmaq üçün təcili missiyaya rəhbərlik edəcək."

Avropa Komissiyası, Almaniya, Yunanıstan, İtaliya, Niderland, Kipr Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Britaniya və ABŞ-ın cümə günü yaydığı birgə bəyanatda dəhlizin açılacağı planı rəsmən açıqlanıb.

Bəyanatda "Bu dəniz dəhlizi bütün mümkün marşrutlar vasitəsilə Qəzzaya humanitar yardım və kommersiya mallarının axınını artırmaq üçün davamlı səylərin bir hissəsi ola bilər və olmalıdır. Biz daha çox insanın daha çox yardım alması üçün marşrutları asanlaşdırmaqda və əlavə keçidlər açmaqda israr edərək, quru yolu ilə çatdırılmaların genişləndirilməsi üçün İsraillə işləməyə davam edəcəyik" deyilib.

Cümə axşamı brifinqində yüksək səviyyəli administrasiya rəsmisi jurnalistlərə deyib ki, limanın əsas xüsusiyyəti hər gün yüzlərlə əlavə yük maşınını daşımaq qabiliyyətini təmin edəcək müvəqqəti estakadadır.

Rəsmi ABŞ-ın qurudakı təhlükəsizliklə bağlı israillilərlə koordinasiya edəcəyini və Qəzza daxilində yardımın bölüşdürülməsi ilə bağlı isə BMT və qeyri-hökumət humanitar təşkilatlarla işləyəcəyini bildirib.

Forum

XS
SM
MD
LG