Rusiyanın dövlətə məxsus təbii qaz nəhəngi Qazprom iyunun 30-da müqavilə pozuntuları səbəbilə Latviyaya qaz nəqlini dayandırıb.
Rusiya artıq qaz üçün Prezident Vladimir Putinin yeni sxemə əsasən Rusiya bankında rubl hesabının açılmasını tələb edən sərəncamına uyğun olaraq ödəniş etməkdən imtina edən Polşa, Bolqarıstan, Finlandiya, Niderland və Danimarkaya qaz tədarükünü kəsmişdi.
Qazprom qısa bəyanat yayaraq, Latviya “qazın hasilatı üçün şərtləri” pozduğuna görə qaz nəqlini dayandırdığını bildirib. Şirkət əlavə məlumat paylaşmayıb.
Qazpromun bu addımı Latviyanın enerji şikrəti Latvijas Gaze qazı Qazpromdan deyil, Rusiyadan aldığını söyləməsindənbir gün sonraya təsadüf edib. Şirkət həmçinin qazı rublla deyil, avro ilə aldığını bildirib.
Aİ Ukraynaya hərbi müdaxiləsi səbəbilə Rusiyaya sanksiyalar tətbiq edəndən sonra Putin mart ayında “dost olmayan xarici alıcılar”ın Qazpromla dollar və avro əvəzinə rublla tranzaksiya həyata keçirməli olduqlarını söyləyib .
Kreml idxalçıların Rusiyanın üçüncü ən böyük bankı Qazprombankda dollar və avro hesabı, bundan əlavə isə rubl hesabı açmalı olduqlarını bildirmişdi. İdxalçılar isə qaz üçün ödənişi avro və dollarla edib, banka həmin pulu rubla dəyişməsi üçün göstəriş verməli idilər.
Putinin sərəncamına müvafiq hərəkət etməyin Avropa İttifaqının Moskvaya tətbiq etdiyi sanksiyaları pozacağı barədə xəbərdarlıq edən Avropa Komissiyası Aİ şirkətlərini ödənişi Qazpromla müqavilələrində razılaşdırılan valyutata etməyə çağırıb.
Riqa bu yaxınlarda Rusiyadan 2023-cü ilin yanvarından başlayaraq qaz idxalını tamamilə dayandırmaq istədiyini bəyan edib.
Latviya ötən il qazının təxminən 90 faizini hələ də Rusiyadan alırdı, amma indi tədarüklərini diversifikasiya etmək və strateji ehtiyatlar yaratmaq istəyir.
Latviya artıq Litvadan qaz idxal etməyə və mayeləşdirilmiş təbii qaz terminalı quraşdırmaq prosesinə başlayıb.