Accessibility links

Gürcüstan məktəblərində icbari şəkildə ingilis dili tədris edilir


Rus dili Gürcüstanda imperiya dili statusunu itirir

20 il bundan əvvəl Sovet Ittifaqı dağılan zaman Rusiya, Belarus və Ukrayna ilə yanaşı daha 12 ölkənin daxil olduğu böyük ərazidə əhalinin 90 faizi rus dilində danışırdı. Ekspertlərin təxminlərinə görə, 2020-ci ilə qədər bu rəqəm 10 faiz təşkil edəcək.

Rus dilindən istifadənin ən aşağı səviyyədə olduğu ölkə Gürcüstandır.

Gürcüstan paytaxtı Tbilisi məktəblərinin birində ingilis dili dərsi ölkənin linqvistik-dil baxımdan gələcəyinin göstəricisi ola bilər.

Gürcü İnqa Çanturiya və ABŞ-ın Oreqon ştatından gəlmiş 25 yaşlı amerikalı Çarli MakMurrey məktəbdə ingilis dili müəllimləridir.

MakMurrey Gürcüstanda ingilis dili dərsləri demək üçün ölkəyə gəlmiş 540 müəllimdən biridir. Müəllimlərin üçdə ikisi amerikalılardır. Onlar Gürcüstan hökumətinin birinci sinifdən 12-ci sinfə qədər məktəblərdə ingilis dilinin tədris edilməsinə dair proqramı çərçivəsində az maaşla müəllim işləyir.

MakMurrey artıq bir ildir Gürcüstanda müəllimdir: “Gürcüstanda 2 minə yaxın orta məktəb var və onların demək olar hamısında ana dili ingilis dili olan bir müəllim dərs deyir.”

Təxminən 200 il Moskva tərəfindən idarə edilən Gürcüstanda iki il bundan əvvəl dil baxımından dəyişiklik edildi. İngilis dili məktəblərdə icbari, rus dili isə könüllü tədris edilir.

Oktyabrın 21-də Rusiyada təhsil almış rus dilli milyarder Bidzina İvanişvili Gürcüstanın ilk Baş naziri oldu. Gürcülərin böyük hissəsi bunun Rusiya ilə münasibətlərin yaxşılaşmasına xidmət edəcəyinə inanır. Lakin insanların çoxu bunun dil siyasətinin dəyişiləcəyinə gətirib çıxaracağına inanmır.

Tbilisidə 75 saylı məktəbin direktoru Tina Alavidze dil siyasətinin dəyişməyəcəyinə inanır. O deyir ki, valideynlər birinci sinifdən başlayaraq uşaqlara ingilis dilinin tədris edilməsini istəyir. “Onlar özləri də ingilis dilini öyrənir, gürcü dilində danışır və rus dilində danışmaqdan imtina edir”-deyə o bildirir.

Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyir. Bu, hələ baş verməsə də, gürcülər Avropada məktəblərin 90 faizində ingilis dilinin tədris edildiyini yaxşı bilir.

Meri Sazuaşvilinin 15 yaşı var. O, ingilis dilinin əhəmiyyətini vurğulayır. Meri deyir ki, ingilis dilini bildiyi üçün Facebook kimi sosial şəbəkələrdə bütün dünyada başqa gənclərlə dostlaşa bilir. “Mən ABŞ, Avstraliya, İngiltərə, Fransa, Belçika və başqa ölkələrdə dostlarla təmas qururam”-deyə o bildirir. Merinin rəfiqəsi Nanuka Abuaşvili də sosial şəbəkələrdən istifadə edir.

İndi məktəbin yuxarı sinfində olan qızlar ingilis dili ilə yanaşı, rus dilini də öyrənirlər. Rusiya Gürcüstan vətəndaşlarından viza tələb edib, Gürcüstandan bir çox məhsulların idxalına qadağa qoysa da, qızlar münasibətlərin normallaşacağına və şirkətlərin həm ingilis, həm də rus dilini bilən adamları işə götürəcəyinə inanır.

İngilis dilinin tədrisindən fərqli olaraq, rus dilində tapşırıqların yerinə yetirilməsində onlara anaları kömək edir. Lakin onlar heç vaxt rus dilində veb səhifələrdən istifadə etmir və rus pop musuqisini sevmir.

Keçən il məktəbdə ingilis diini amerikalı müəllim Rauli Nuzzi tədris edirdi. O, dərslərində məktəblilərə Amerika mədəniyyəti haqda məlumat verirdi. Şagirdlər dərslərdə Amerika rəqsləri, Elvis Preslinin mahnıları haqda məlumatlandırdıqlarını deyirlər.

Rauli Nuzzi indi Gürcüstanda ingilis dili müəllimlərinin “Teach and Learn With Georgia” (Gürcüstanla birlikdə öyrət və öyrən) adlı proqramının nümayəndəsidir.

“Bu proqram hətta əvvəlki administrasiyanın opponentləri arasında da populyar idi. Məktəblər, ailələr, şagirdlər və valiydenlərin hamısı proqrama dəstək verirdi”-deyə o bildirir.

Beynəlxalq Böhran qrupunun Qafqaz şöbəsinin müdiri Lourens Şiits Tbilisidən Rusiyanın imperiyada dil baxımından tarixi rolunu itirdiyini müşahidə edir. Son 20 ildə Gürcüstanda rus dilində yol işarələri ləğv edilmiş, rus dilində televiziya və radio verilişlərinin sayı azalmışdır. “İnsanların əksəriyyəti rus dilini unudub. Kənd yerlərinə getsəniz, əvvəllər sovet dövrü yaşlı nəslin nümayəndələri rus dilində danışa bilirdisə, indi burada rus dilini çox az adam bilir”-deyə söyləyir.

Gürcüstana Azərbaycan, Ermənistan, Rusiya və Ukraynadan gələn turistlər deyir ki, 35 yaşından yuxarı insanlarla ingilis dilində danışmaq daha asandır.

Tbilisinin 75 saylı məktəbində canlanmaya baxaraq, burada gələcəyin ingilis dili ilə bağlı olduğunu demək mümkündür.
XS
SM
MD
LG