Accessibility links

Ukrayna Gürcüstanı Mixeil Saakaşviliyə qarşı təzyiqləri dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırıb


Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvili
Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvili

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hökumətini Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşviliyə qarşı təzyiqləri dərhal dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırıb.

Nazirlik müraciətində siyasətçiyə qarşı qeyri-insani rəftarla bağlı "qətiyyətli etirazını" bildirib.

"Gürcüstan hökuməti SSRİ-i dövrü Xalq Daxili İşlər Komissarlığının (NKVD) ən pis ənənələrindən istifadə edərək, Mixeil Saakaşviliyə qarşı psixoloji və fiziki zorakılıq tətbiq edir. Ona lazımi tibbi yardım göstərməkdən imtina edərək, bilərəkdən onun həyatına birbaşa təhlükə yaradır. Ukrayna vətəndaşına qarşı insan haqlarının kobud şəkildə pozulması Tbilisinin Avropa İttifaqına üzvlülüklə bağlı müraciətinə ziddir və bu, Gürcüstanda demokratiyanın məhdudlaşdırılmasına dəlalət edir" - deyə, müraciətdə bildirilib.

Ukrayna Xarici İşlər Nazirliyi həmçinin xarici hökumətlərdən və beynəlxalq təşkilatlardan "Gürcüstan hökumətinin siyasi repressiyaları səbəbindən həyatı təhlükədə olan" Mixeil Saakaşvilini açıq şəkildə müdafiə etmələrini xahiş edib.

Ukrayna prezidenti Volodimir Zelenski də Gürcüstan hökumətinin Saakaşvilini "öldürməyə" çalışdığını deyib. Onun sözlərinə görə, Ukrayna Gürcüstanın daxili məsələlərinə böyük hörmətlə yanaşır, lakin ona qarşı belə münasibəti başa düşmür.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olan Saakaşvili səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Özü və tərəfdarları ittihamın siyasi motivli olduğunu iddia edir.

Saakaşvilinin tibbi qrupu onun səhhətinin 2021-ci ilin oktyabrında həbsxanaya düşdükdən və dəfələrlə aclıq aksiyaları keçirdikdən sonra xeyli pisləşdiyini bildirib. O, Tbilisi klinikalarından birində müalicə olunsa da, vəkilləri onun xaricə köçürülməsi üçün cəzasının ləğv edilməsini istəyib.

XS
SM
MD
LG