Accessibility links

Gerçək hadisəyə əsaslanmış "Bernie" film (audio)


Texasın ucqar kiçik şəhərinin ən populyar oğlanı yerli icmanın ən varlı dul qadınını qətlə yetirməkdə ittiham edildikdə, kinorejissor Riçard Linkleyter hadisədə qara yumor hiss edir.

Şəhər Sakini: “Mən əminəm ki, Berni ilk dəfə xanım Nyucenti onun əri cənab Nyucentin dəfn mərasimində görüb.”

Berni Tida Texas ştatının Karfagen şəhərində hamı tərəfindən sevilən dəfn bürosunun işçisi idi. O, cənazələri dəfn mərasiminə hazırlayırdı və xüsusilə də çox həssas olan dul qadınlara təsəlli verməkdə maraqlı idi.

Berni: “Salam xanım Nyucent, gəldim sizə bir daha başsağlığı verim. Sizə bir az sup, dəriniz üçün vanna şampunu və yatmazdan əvvəl yeməyə şokolad pirojnaları gətirmişəm.”

Xanım Nucent: “Keç içəri”

Berni: “Çox sağ olun.”

Belə alicənab və mehriban Berni təkəbbürlü , nəzakətsiz və dövlətli Nyucentlə münasibət qurmağa başlayır. Onlar dost olurlar və bərabər dünyanı dolaşmağa başlayırlar. Sonra Berni onu güllələyir və cəsədi buz dolabında doqquz ay müddətə gizlədərək onun pullarını yerli bizneslərə və xeyriyyəçi işlərə xərcləyir.

Kinorejissor Riçard Linkleyter 1998-ci ildə məsələ məhəkəməyə çıxarılanda Texas ştatının şərqindən hadisə baş vermiş yerə gəlmişdi.

Riçard Linkleyter: “Məndə elə bir hiss yarandı ki, mən bu adamları tanıyıram. Elə bil mənim öz həyatımda baş vermiş hadisə idi. Elə bil mən Bernini tanıyırdım. Sözsüz ki, mən xanım Nyucenti və bu kiçik şəhəri yaxşı tanıyırdım. Hadisə mənim həyatımda rezonans yaratdı. Mən məhkəməyə getdim və prosesi izləməyə başladım.”

Bu cazibə Cek Bləkin iştirak etdiyi yeni filmin çəkilişi ilə nəticələndi. Səs-küylü komediya səhnələri ilə tanınmış Blək Berni bu filmdəki xarakterinə xüsusilə ciddi yanaşır.

Cek Blək: “Mənim qəhrəmanım Texas ştatının kiçik şəhərlərindən birində yaşayan olduqca məşhur və hər kəs tərəfindən sevilən oğlandır. Onun kilsədə xidmət göstərən zaman yazılmış video yazısı var və o video materialı izləmək, Bernini tanımaq üçün mənə çox kömək etdi. Eynən onunla şəxsən görüşməkdən mənfəətləndiyim kimi.”

Aktyor qətlə görə ömürlük həbs cəzası çəkən Berni ilə həbsxanada görüşdü. Filmdə tərəf müqabili Marceri Nyucent obrazını yaradan aktrisa Şörli Makleyndir. Əlbət də ki, o qəhrəmanı ilə görüşə bilməyib. Lakin aktrisa Karfagen şəhərinin sakinlərindən Nyucent haqda kifayət qədər məlumat toplamağa müvəffəq olub.

Şörli Makleyn: “Çəkilişlər zamanı görüşdüyüm hər bir şəxs sözün əsl mənasında Nyucentə nifrət edirdi və səmimi qəlbdən onun ölümünə sevinirdilər. Bütün bunlar filmin çəkilişlərində mənə kömək etdi.”

Nyucentin insanlarla təhqiramiz rəftarı çox güman ki, nəticədə Bernini özündən çıxarıb. Lakin aktrisa Makleyn onların eyni zamanda biri-birinə lazım olduqlarını düşünür.

Şörli Makleyn: “Məncə Nyucent Berni üçün pul xərclədiyinə görə düşünürdü ki, Berni onun şəxsi mülküyyətidir. Sözün düzü belə rəftara məruz qalan hər bir kəs onu öldürərdi. Lakin Berni kimi insanı hər kəsdən çox sevilmək və əzizlənmək istəyən bir insanla bir araya gətirdikdə həqiqətəndə dostluq üçün mükəmməl kombinasiya alınır.”

Bernini ədalət məhkəməsi qarşısına çıxaran prokuror rolunda Metyu Makkonahi oynayır. Kino hadisənin baş verdiyi şərqi Texasda çəkilib və əslində bədii filmlə sənədli film arasında hibrid təsiri bağışlayır.

XS
SM
MD
LG