Accessibility links

Almaniya polisi Hizbullahı dəstəkləməkdə şübhəli bilinən qruplara qarşı reydlər keçirib


Hizbullah lideri Seyid Həsən Nəsrulla
Hizbullah lideri Seyid Həsən Nəsrulla

Almaniya hökumətinin bildirdiyinə görə, polis cümə axşamı Hamburqda yerləşən mərkəzə qarşı aparılan təhqiqat çərçivəsində İran ideologiyasını təbliğ etmək və Hizbullahın fəaliyyətini dəstəkləmək şübhələrinə görə ölkə boyu 54 yerdə reyd keçirib.

Daxili İşlər Nazirliyi "Hamburq İslam Mərkəzi"nin uzun müddətdir Almaniyanın Daxili Kəşfiyyat Agentliyinin müşahidəsi altında olduğunu bildirib. Nazirliyin dediyinə görə, qrupun fəaliyyəti İranın ali dini liderinin "inqilabi konsepsiyasını" yaymaq məqsədi daşıyır.

Rəsmilər həmçinin mərkəzin keçən ay HƏMAS-ın İsrailə hücumundan sonra İsrail-Livan sərhədində İsrailə dəfələrlə atəş açan Livanın İran tərəfindən dəstəklənən Hizbullah silahlı qruplaşmasının Almaniyada qadağan olunmuş fəaliyyətini dəstəklədiyinə dair şübhələri araşdırır.

"Hamburq İslam Mərkəzi" Hamburqdakı məscidi idarə edir. Daxili İşlər Nazirliyi bildirib ki, Almaniya kəşfiyyatı bu məscidin bəzi digər məscid və qruplara əhəmiyyətli təsir və ya tam nəzarət etdiyinə inanır və "açıq şəkildə antisemit və anti-İsrail münasibətini" təbliğ etdiyini deyir.

Çərşənbə günü reydlər Hamburqda və Almaniyanın daha altı vilayətində - Baden-Vyurtemberq və cənubda Bavariya, Berlin və Hessendə, Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniyada həyata keçirilib. İstintaq yalnız "Hamburq İslam Mərkəzi"nə deyil, onun nəzarəti altında olmaqda şübhəli bilinən daha beş qrupa da yönəlib.

"İslamçıların səhnəsi bizim diqqət mərkəzimizdədir. Hazırda, xüsusən də bir çox yəhudinin özünü xüsusilə təhlükədə hiss etdiyi bir vaxt biz heç bir İslamçı təbliğatına, antisemitizm və İsrail əleyhinə təşviqata dözməyəcəyik" - deyə, daxili işlər naziri Nensi Feyser açıqlamasında bildirib.

Forum

XS
SM
MD
LG