Almaniyanın Xarici İşlər naziri Annalena Berbok Ukraynaya dair Rusiya ilə problemlərin diplomatiya yolu ilə həll olunacağına ümid etdiyini bildirib. Lakin qoşunların Ukraynaya girəcəyi təqdirdə Moskvanın bundan əziyyət çəkəcəyi ilə bağlı xəbərdarlıq edib.
“Hər növbəti təcavüzkar hərəkət Rusiyaya iqtisadi, strateji və siyasi baxımdan baha başa gələcək” - deyə, Berbok bazar ertəsi Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında çıxışı zamanı qeyd edib.
Xatırladaq ki, ötən həftə Moskva ilə Qərb dövlətləri arasında on minlərlə hərbçinin Ukrayna ilə sərhədə yerləşdirilməsi ilə bağlı danışıqlar heç bir nəticə verməyib.
Ötən həftənin sonunda Ukraynada hökumət strukturlarına qarşı kiberhücumdan sonra gərginlik daha da artıb.
Dmitri Kuleba vurğulayıb ki, Ukrayna və Almaniya, iştirakçıları Almaniya, Fransa, Ukrayna və Rusiya olan Normandiya formatı adlanan Ukraynanın şərqində müharibəyə son qoymaq üzrə dördtərəfli sülh danışıqlarını bərpa etmək istəyində həmrəydirlər.
Ukraynanın Qərb müttəfiqləri dəfələrlə Kiyevi əmin ediblər ki, onun iştirakı və razılığı olmadan Ukraynanın gələcəyi ilə bağlı heç bir qərar qəbul edilməyəcək.
Mətbuat konfransında çıxış edən Kuleba Almaniyaya “prinsipial mövqeyinə” görə təşəkkür edib.