Azərbaycan Ali Məhkəməsi hakim Əli Seyfəliyevin sədrliyi ilə gənc fəal Bəxtiyar Hacıyevin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasından imtina ilə bağlı kasasiya şikayətini təmin edib.
Məhkəmə cənab Hacıyevin onun şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması və hökmün dərhal icrası haqqında qərar qəbul edib.
Bununla belə, Bəxtiyar Hacıyevin cəza müddətinin qalan 9 ayı ərzində Azərbaycanı tərk etməsi qadağan edilib. Cəzanın qalan hissəsinin şərti olaraq çəkilməsinin icrasına nəzarəti Gəncə şəhəri, Nizami rayon məhkəmə icraçıları həyata keçirəcək.
Hacıyev özü kasasiya şikayətinə baxılması prosesində iştirak etməyib.
Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanıb, mayın 18-də isə hərbi çağırışdan yayınma ittihamı ilə iki il azadlıqdan məhrum edilib. O həbsinin əsl səbəbinin aktiv siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Hacıyev 2010-cu il parlament seçkiləri zamanı saxtalaşdırmaları ifşa edən video görüntüləri sosial şəbəkələrdə yayıb. Amnesty İnternational Hacıyevi “vicdan məhbusu” kimi tanıyıb.
Bundan öncə, Qaradağ rayon məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi Hacıyevin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması haqqında müraciətlərini təmin etməyib.
“Mənim həbsim siyasi sifariş idi və azadlığa buraxılmağım da siyasi sifarişlə həyata keçirilib”, - deyə Bəxtiyar Hacıyev həbsdən azad edildikdən sonra Amerikanın Səsi radiosuna bildirib.
O deyib ki, prezident İlham Əliyevə müraciətini əfv haqqında xahiş hesab etmir, halbuki, bu da onun azad edilməsində rol oynayıb.
Bəxtiyar Hacıyevin həbsdən azad edilməsi Amerika dövlət katibi Hillari Klintonun Azərbaycana səfərindən iki gün öncəyə təsadüf edir. Cənab Hacıyev Amerikanın Səsi radiosunun “Həbsdən azad edilməyiniz iyunun 6-da ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri ilə əlaqədar ola bilərmi?” sualının cavabında “məhkəmənin vaxtını mən təyin etmirəm”, deyə cavablandırıb.
“Digər siyasi məhbuslar kimi Siz də hüquq-müdafiə fəaliyyəti ilə məşğul olacaqsınızmı?”, - sualına B.Hacıyev mənfi cavab verib. “Mən siyasi fəaliyyətlə məşğul olmuram. İctimai fəaliyyətimi isə əvvəlki kimi davam etdirmək istəyirəm. Lakin, əvvəlcə Gəncədə bir az dincəlmək, sonra bir müddətə xaricə getmək istəyirəm”, - o bildirib.
Onun sözlərinə görə, məhkəmənin qərarında xaricə getməyə qadağa yoxdur.
Qeyd edək ki, qanunvericiliyə görə, şərti cəza çəkən şəxslərin xarici ölkəyə getməsi məhkəmə qərarının icrasına nəzarət edən orqanların icazəsi ilə həyata keçirilir.