Accessibility links

Fredrik Reinfeldt: Boqota toplantısı Azərbaycan üçün asan olmayacaq


Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq idarə heyətinin sədri, İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt və MSŞT üzrə beynəlxalq katibliyin rəhbəri Yonas Moberq Bakıya işgüzar səfəri çərçivəsində fevralın 1-də Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının üzvləri ilə görüşüb.

MSŞA QHT Koalisiyasının mətbuat üçün açıqlamasında deyilir ki, görüşdə MSŞT sədri və katibliyin rəhbəri Azərbaycan prezidenti İlham Əliyev, MSŞT Komissiyasının sədri (Dövlət Neft Fondunun rəhbəri) Şahmar Mövsümov, xarici ölkə səfirləri ilə apardığı danışıqlar barədə təəssüratlarını bölüşüb.

Görüş zamanı koalisiyanın müxtəlif mövqelərə malik üzvləri ölkədəki mövcud durumdan danışıb. Koalisiya üzvləri vtəndaş cəmiyyətinə qarşı rəsmi münasibətin dəyişmədiyini, çoxsaylı problemlərin aradan qaldırılmadığını bildirib.

MSŞA Koalisiyasının keçmiş Şura və Çoxtərəfli Qrup üzvü Azər Mehtiyev bildirib ki, qanunvericilikdə dəyişikliklər aparılmalı və bunun üçün MSŞT standartının “Vətəndaş cəmiyyəti protokolu” əsas götürülməlidir.

Koalisiyanın Şura üzvü və keçmiş Çoxtərəfli Qrup üzvü Əliməmməd Nuiyev deyib ki, vətəndaş cəmiyyətinin problemlərinin həll olunub və Koalisiya Şurası qeyri-legitim fəaliyyət göstərir.

Koalisiya Şurası və Çoxtərəfli Qrup üzvü Oqtay Gülalıyev Koalisiya Şurasının ictimaiyyət üçün açıq fəaliyyətindən, keçirilən mətbuat konfransından, həmçinin vətəndaş cəmiyyətinin problemlərindən danışıb.

“Qanunvericiliklə yanaşı hakimiyyətin vətəndaş cəmiyyətinə baxışı dəyişməlidir. Koalisiyanın keçmiş Şura üzvü Fuad Qəhrəmanlı Facebook sosial şəbəkəsində yazdığı fikirlərinə görə 10 il müddətinə azadlıqdan məhrum olunub. F. Qəhrəmanlının həbsi MSŞT Standartının bir hissəsi olan Vətəndaş cəmiyyəti protokolunun “fəaliyyət” və “ifadə azadlığı” bəndlərinin pozulmasıdır. Koalisiyanın daha bir üzvü Qarabağ qazisi, 2-ci qrup əlil Asif Yusifli də 2 ildən çoxdur ki, qanunsuz həbs həyatı yaşayır. Təbii Resursların İdarəedilməsi İnstitutunun Müşahidə Şurasının üzvü İlqar Məmmədov 4 ilə yaxındır həbsdədir. REAL Hərəkatının üzvləri səfirliklərin birinin nümayəndəsi ilə görüşdüklərinə görə hazırda prokurorluqda dindirilir. Vətəndaş cəmiyyəti fəalları ifadə etdikləri tənqidi fikirlərə və keçirdikləri görüşlərə görə təqib olunur”, o qeyd edib.

Koalisya Şurasının əlaqələndirici Qubad İbadoğlu deyib ki, MSŞA Koalisiyasının problemlərini ayrıca olaraq həll etmək mümkün deyil, problemin həlli bütövlükdə vətəndaş cəmiyyətinin durumundan asılıdır. Hazırda MSŞA Koalisiyasına üzv olmaq üçün QHT-lərdən 40 yaxın ərizə daxil olub.

“Ölkədə azad və müstəqil mətbuat bərqərar olmayacağı halda vətəndaş cəmiyyətinin problemləri həll olunmayacaq. Bununla yanaşı, MSŞA Koalisiyasının institutsional fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının qərarını ləğv etməsi, eləcə də 2017-ci il üzrə müsabiqə mövzuları arasında MSŞT-nin dəstəklənməsi istiqamətinin çıxarılması yanlışdır”.

Qubad İbadoğlu həmçinin hazırda 150-dən çox üzvü olan Koalisiyanın qarşılaşdığı maliyyə, texniki və təşkilati problemlərdən danışıb.

MSŞT üzrə beynəlxalq idarə heyətinin sədri Fredrik Reinfeldt Koalisiyada fikir müxtəlifliyini demokratiyanın göstəricisi kimi qiymətləndirib.

O qeyd edib ki, görüşləri və müzakirə olunan məsələlər barədə 4 həftədən sonra Boqotada keçiriləcək MSŞT İdarə Heyətinin növbəti toplantısında məlumat verəcək.

“Bu müzakilər də göstərdi ki, martın 8-9-da keçiriləcək Boqota toplantısı Azərbaycan üçün asan olmayacaq”, o qeyd edib.

XS
SM
MD
LG