İyulun 13-də Azərbaycan müdafiə naziri Zakir Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Məlumatda deyilir ki, Azərbaycan ilə ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil, mütəxəssislər səviyyəsində qarşılıqlı səfərlərin təşkili və treninqlərin keçirilməsi, həmçinin müdafiə, terrorizmə qarşı birgə mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında strateji səviyyədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən tərəflər ABŞ tərəfindən Azərbaycanın icra etdiyi enerji layihələrinə göstərilən dəstəyin Amerika-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni zəmin yaradacağını vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müdafiə naziri bildirib ki, bu münaqişə təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir.
“Bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumlar birgə fəaliyyət göstərməlidir”.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin Cənubi Qafqaz bölgəsinin inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu bildirən ABŞ səfiri münaqişə nəticəsində həyatını itirən bütün insanların, xüsusilə də Alxanlı kəndində qətlə yetirilən mülki şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Səfir Sekuta ABŞ ilə Azərbaycan arasında ikitərəfli formatda və NATO proqramları çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin bildirərək Azərbaycanın Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlara verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.
O, həmçinin KC-130 hərbi təyyarəsində çoxlu sayda amerikalı hərbçilərin həlak olması ilə bağlı ünvanlanan başsağlığına görə ABŞ-nın Müdafiə katibi və Silahlı Qüvvələrin Qərargah rəislərinin birləşmiş komitəsinin sədrinin təşəkkürlərini Zakir Həsənova çatdırıb.
Sonra səfir ölkəsinin Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Adam Kavliki müdafiə nazirinə təqdim edib.