Accessibility links

Gözəl Bayramlı: Cəzaçəkmə müəssisələrində qadınlara münasibət daha sərtdir


Gözəl Bayramlı: “Qadınların saxlanma şəraitində problemlər var”
please wait

No media source currently available

0:00 0:07:47 0:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə müsahibəsində siyasi məhbus problemi və qadınların saxlanıldığı cəzaçəkmə müəssisəsindəki problemlərdən danışıb. Bayramlı 2017-ci ilin mayında həbs edilib. Bu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Amerikanın Səsi: Siyasi məhbus kimi tanınan şəxslərlə bağlı problemin bütövlükdə həlli üçün hansı addımlar atılmalıdır?

Gözəl Bayramlı: Mən düşünürəm ki, siyasi məhbus probleminin birdəfəlik və köklü şəkildə həll olunması dövlət başçısının iradəsindən aslıdır. Birmənalı olaraq siyasi məhbus problemi həll olunmalıdır və bu da dövlət başçısından asılıdır.Tamamilə siyasi məhbuslar azadlığa buraxılmalı və ümumiyyətlə siyasi məhbus problemi olmamalıdır. Yəni problemin kökü bundadır.

Amerikanın Səsi: Siz qadınların cəzaçəkmə müəssisəsində saxlanılan yeganə siyasətçi qadınsınız? Qadınların cəzaçəkmə müəssisəsində saxlanma şəraiti necədir?

Gözəl Bayramlı: Doğrudan da, mən 4 saylı Cəzaçəkmə Müəssisəsində yeganə siyasi məhbus idim. Bilirsiniz ki, ölkədə bir qadın cəzaçəkmə müəssisəsi var. Həmin müəssisənin yerləşdiyi bina 1933-cü ildə tikilib, olduqca köhnə bir yerdir. Düşünürəm ki, artıq bu da böyük bir problemdir və qadın cəzaçəkmə müəssisəsinin başqa bir ərazidə yeni binasının tikintisi gedir, ora köçürülməsi çox vacibdir. Mən bildiyimə görə, oranın təmiri hələ tam başa çatmayıb. Burada şərait (köhnə bina-red) çox müasir deyil, çoxlu sayda problemlər var. Bunun əsas problemi ərazinin və binanın daha köhnə olması ilə bağlıdır. Ona görə qadın cəzaçəkmə müəssisəsi yeni tikilən əraziyə köçürülməli və problem köklü şəkildə həll olunmalıdır. Burada uzun müddət davam edə bilməz. Həm qadınların sayı çoxdur, ona görə saxlanma şəriatində müəyyən problemlər olur, otaqlarda, belə deyək, baraklarda müəyyən sıxlıq yaranır. O cümlədən məişət sahəsinə, sanitar qovşaqlarda müəyyən problemlər olur. Problemlər çoxdur. Vaxt azdır, sadalamaq istəmirəm. Amma problemlər var, bu, problemlər həll olunmalıdır. Problemlərin həlli də binanın təzə bir əraziyə köçürülməsi və orada müəssisənin fəaliyyətini davam etdirməsidir.

Qadınlara münasibət, əslində, mən açıq deyəcəm, ürəkaçan deyil. Mən elə istəmərəm. Bəlkə mən doğru düşünmürəm. Qadınlara münasibət, biz gözlədiyimiz səviyyədə deyil.

Orada, müəssisənin əməkdaşlarının böyük əksəriyyəti qadınlardır. Baxmayaraq ki, müəssisənin rəhbərliyi, müavinləri, digər idarəedici şəxslər əsasən kişilərdir. Bir qadın müavin var. Qadınlara münasibət, əslində, mən açıq deyəcəm, ürəkaçan deyil. Mən elə istəmərəm. Bəlkə mən doğru düşünmürəm. Qadınlara münasibət, biz gözlədiyimiz səviyyədə deyil. Məsələn, bir çox hallard, sərt münasibətin şahidi olursan. Amma əslində, mən bilirəm ki, kişi cəzaçəkmə müəssisələri ilə qadın cəzaçəkmə müəssisələrinin fərqi ondadır ki, burada rejim qaydaları daha sərtdir. Sanki qadınlara qarşı rejimi daha sərtləşdiriblər. Bu bir çox məsələlərdə özünü biruzə verir. Bizdə baraklarda müəyyən vaxtlarda istirahət üçün ancaq günorta bir saat vaxt ayrılır. Bundan kənar vaxt yataq ağ örtüklə örtülməlidir. Yatağın üzərində oturmaq olmaz. Əgər bir yorğunluğun, xəstəliyin varsa yatağın üzərində uzanmaq olmaz. Amma mən eşitmişəm ki, kişi cəzaçəkmə müəssisələrində bu hallar yoxdur. Bu baxımda, qadın cəzaçəkmə müəssisələrində rejimin daha sərt olduğunu və qadınlara münasibətin daha sərt olduğunu deyə bilərəm.

Amerikanın Səsi: Həbsdə olan qadınlar əsasən hansı cinayət əməllərində günahladırılır? Cinayətin spektri necədir?

Gözəl Bayramlı: Deməli, mən daxildə belə bir araşdırma apardım. Çoxlu sayda qadınlarla söhbət edirdim. Amma spektr bundan ibarətdir ki, əsasən narkotika ticarəti ilə bağlı cinayət daha çox ağırlıq təşkil edir. Ölüm, dələduzluq, oğurluq faktları və çox kiçik bir qism də digər faktlar təşkil edir. Bu da təəssüfləndirici haldır ki, 400 nəfər qadının böyük bir əksəriyyəti belə bir ağır cinayətlərdə ittiham olunurlar.

Amerikanın Səsi: Həbsdə olan uşaqlı qadınların saxlanılması necə həyata keçirilir?

Gözəl Bayramlı: Həbsdə olan uşaqlı qadınlar ayrı bir şəraitdə, müəssisə daxilində hasarlanmış ayrı bir ərazidə saxlanılır. Qadınlar üçün ayrıca bir otaq nəzərdə tutulub. Onlar üçün müəyyən şərait yaradılıb, hansı ki, karantin otağı ilə yanaşı bir ərazidir. Əlahiddə bir ərazidir. Orada öz övladları ilə yaşayırlar. Hamilə qadınlar belə orada saxlanılır. Yəni onlar əraziyə buraxılmır.

Amerikanın Səsi: Qadınların saxlanıldığı cəzaçəkmə müəssisəsində hansı islahatlara ehtiyac duyulur?

Qadın cəzaçəkmə müəssisəsində çalışmaq lazımdır ki, müəssisənin rəhbər vəzifəsində qadın olsun.

Gözəl Bayramlı: Mənə elə gəlir qadın cəzaçəkmə müəssisəsində birinci, qadınların saxlanma şəraiti şərtdir. Bu dəyişilməlidir. İkinci mənə elə gəlir ki, qadın cəzaçəkmə müəssisəsində çalışmaq lazımdır ki, müəssisənin rəhbər vəzifəsində qadın olsun. Bu da çox önəmlidir. Mənə elə gəlir, hər halda, Azərbaycanda qadın kadrlar ola bilər ki, onlar da hər hansı bir cəzaçəkmə müəssisəsini idarə eləsin. Bu da şərtlərdən biridir. Üçüncüsü də elə mühit yaratmaq lazımdır, doğurdan da, qadın etdiyi bir cinayətə görə öz peşmançılığını, doğurdan da,içəridən başa düşsün və azadlığa çıxanda hər hansı bir cinayət törətməsin. Hansı ki, biz bunun əksini görürük. Dəfələrlə qadınlar bu cinayəti törədir. Yenidən o cəzaçəkmə müəssisəsinə qayıtmalı olur. Hansı ki, məsələn, elə adam var 9 dəfə oğurluqda, quldurluqda ittiham olunaraq gəlir. Mənə elə gəlir ki, bu içəridəki psixoloji mühitlə də bu bağlıdır. Elə bir mühit yaratmaq olar ki, o doğurdan da peşmançılıq yaratsın. Onda o aqressiyanı gücləndirmək, içəridə qəzəbi yükləmək olmaz. Mənə elə gəlir ki, bu faktorun özü də onlarda bu hissi yaradır. Bir nəçə nəfərlə mən söhbət eləmişdim. Məsələn onlar cəzasının müəyyən müddətindən azad olunmuşdular. Onlara gedərkən deyirdilər ki, çox güman bura qayıtmazsınız. Onlar isə deyirdilər ki, biz çöldə neyləyə bilərik? Onlar çöldə adaptasiya oluna bilmirlər. İş tapa bilmirlər. Bundan şikayətçidirlər. Ona görə də düşünürlər ki, gedib yenidən qayıda bilərlər. Çoxlu sayda insanlar var. Peşmançılıq hissi var. Onlar bir də qayıtmamaq üçün, məsələn, çalışacaqlarını bəyan edirlər. İstənilən halda mənə elə gəlir ki, bu dövlətin bilavasitə borcudur ki, cəzaçəkmə müəssisəsində qadınların sayı az olsun. Azərbaycan qadınların həbsinə görə də daha çoxdur, ölkələr siyahısında.

Qeyd: Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində cəza çəkən insanların qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsi məhkumlara qarşı qeyi insani rəftarın olmadığını, onların saxlanma yerlərində ciddi problemlərin müşahidə edilmədiyini deyib.

XS
SM
MD
LG