Aktivist qrup Greenpeace bazar ertəsi Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında üzərində danışıqlar aparılan nəhəng ticarət razılığına aid sənədlərin detallarını yayıb. Qrupun iddia etdiyinə görə, sənədlərdə göstərilir ki, korporasiya maraqlarına ətraf mühit və istehlakçı təhlükəsizliyindən daha böyük üstünlük vericələcək.
Greenpeace 248 səhifəlik sənədləri yaymağının səbəbinin dünyanın ən böyük fərdi iqtisadiyyatı olan Birləşmiş Ştatlar və kollektiv olaraq ondan daha böyük olan 28-üzvlük Avropa İttifaqı arasında dünyanın ən nəhəng ikitərəfli ticarət və investisiya sazişinə “işıq salmaq” olduğunu deyib.
Təbii sərvətləri qorumaq
Aktivist qrup bildirib ki, Berlində yayılan sənədlərdə Birləşmiş Ştatların insan, heyvan və bitkilərin sağlamlığını, eləcə də “tükənən təbii sərvətləri” qorumağa yönəlmiş standart ticarət müqaviləsi müddəalarını zəiflətməyə çalışdığı göstərilir.
Greenpeace həmçinin bildirib ki, Birləşmiş Ştatlar məhsulların daha zəif tənzimlənməsinə və korporativ lobbiçiləri qərarların qəbul edilməsində daha çox təsir gücü ilə təmin etməyə çalışır.
“Bu razılıq ətraf mühitə və Avropa İttifaqı ilə Birləşmiş Ştatlarda yaşayan 800 milyondan çox insanın həyatına dərin təsirlər göstərə bilər,” deyə Greenpeace bildirib. Qrup rəsmi olaraq Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı adlanan bu razılığın “korporasiyaların ətraf mühit və səhiyyəyə zərər verəcək şəkildə siyasi qərarların qəbul edilmə prosesində mərkəzi rol oynamasını təmin edəcəyini” iddia edir. “Biz Avropa İttifaqının mövqeyinin pis olduğunu bilirdik, indi isə ABŞ-ın mövqeyinin daha da pis olduğunu görürük. Bu ikisi arasında bir kompromis isə qəbuledilməz olacaq”.
Avropa İttifaqının reaksiyası
Birləşmiş Ştatlar sənədlərin yayılmasına dərhal reaksiya bildirməyib, lakin Aİ-nin ticarət üzrə komissarı Sesiliya Malmstrom deyib ki, sənədlərdəki bir çox məlumat “sadəcə hər iki tərəfin danışıqlardakı mövqeyini əks etdirir.” “Avropa İttifaqı və Birləşmiş Ştatlar bir çox məsələdə fərqli mövqelərə sahibdir,” deyə o bildirib.
Malmstrom həmçinin əlavə edib, “Bir daha qeyd etmək lazımdır ki, hər hansı Aİ ticarət razılığı heç bir zaman istehlakçıların, qidaların və ya ətraf mühitin təhlükəsizliyi qoruma səviyyəsini azaltmayacaq”.
Həm Vaşinqton, həm də Brüssel razılığı ABŞ prezidenti Barak Obama vəzifəsindən ayrılmadan öncə tamamlamaq istəyir. Bir həftə öncə Obama Almaniyada kansler Angela Merkellə görüşdüyü zaman hər ikisi sazişin tamamlanmasına çağırıb.
Razılığın əleyhdarları
Atlantik Okeanının hər iki tərəfindən razılığın əleyhinə çıxanlar olub. ABŞ prezidentliyinə həm respublikaçı, həm də demokrat namizədlər Avropa və Sakit Okean ölkələri ilə yeni ticarət sazişlərinin ABŞ işçilərinə mənfi təsir göstərəcəyi barədə narahatlıqlarını dilə gətiriblər.
Avropa İttifaqının baş vasitəçisi İqnasio Qarsia Bersero razılığın əldə olunması yolunda Birləşmiş Ştatlarla kəskin fikir ayrılıqlarının mövcud olduğunu deyib.