Britaniyanın Birləşmiş Ştatların Kuba körfəzindəki Quantanamo həbsxanasında olan sonuncu vətəndaşı azad edilib.
Britaniya xarici işlər naziri Filip Hammond əslən Səudiyyə Ərəbistanından olan Şakir Əmirin azad edildiyini və bu gün axşam Britaniyaya dönəcəyini bildirib.
2002-ci ildən bəri Quantanamo hərbi həbsxanasında saxlanılan Əmirə qarşı nə ittiham irəli sürülmüş, nə də məhkəməyə çıxarılmışdı.
"Biz Şakirlə birlikdəyik" kampaniyasının yardımçı direktoru, britaniyalı Endi Uortinqton uzun və dözülməz hala son qoyulduğuna görə şad olduğunu bildirib.
Birləşmiş Ştatlar rəsmiləri 2001-ci ildə Əfqanıstanda həbs edilən Əmirin Taliban yaraqlıları ilə əlbir olduğunu və Əl-Qaidənin sabiq lideri Usamə Bin Ladenlə görüşdüyünü iddia etmişdi. Lakin Əmir Əfqanıstanda ailəsi ilə birlikdə xeyriyyəçiliklə məşğul olduğunu demişdi.
Azad edilməsi barədə qərarın 2007-ci ildə verilməsinə baxmayaraq, Əmir nəzarət altında saxlanılırdı. Əmirin vəkilləri həbsxanada onun işgəncələrə məruz qaldığını deyib.