Accessibility links

Nümayəndələr Palatası silahlara nəzarətlə bağlı qanun layihəsini təsdiqləyib


Çərşənbə günü Nümayəndələr Palatası yarı-avtomat tüfəng alıcıları üçün yaş həddini artıran və 15 patrondan çox tutumlu silahların mağazalarda satışını qadağan edən silahlara nəzarət qanun layihəsini təsdiqləyib.

Sənəd lehinə 223, əleyhinə 204 səslə qəbul olunub. Deputatlar partiya mənsubiyyətinə uyğun olaraq səs verib.

Qanun layihəsi Nyu-Yorkun Baffalo və Texas ştatının Uvalde şəhərlərində baş verən silahlı hücumlardan sonra konqresmenlər tərəfindən təsdiqlənib. Qanun layihəsi Demokratların hələ bu şəhərlərdə faciələr baş verməmişdən əvvəl irəli sürdüyü müddəaları özündə əks etdirir.

Lakin qanun layihəsinin qanuna çevrilmək şansı azdır: onu qəbul etmək üçün dəstəyi lazım olan Senat üzvləri silahlara nəzarət kontekstində digər tədbirləri, o cümlədən psixi sağlamlıq proqramlarının təkmilləşdirilməsi, məktəb təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi və silah alıcılarının yoxlanılmasının gücləndirilməsini müzakirə edir.

Bununla belə, Nümayəndələr Palatasının qanun layihəsi Demokratlara noyabrda keçiriləcək seçkilər ərəfəsində öz mövqelərini təqdim etmək şansı verir.

Qanun layihəsinin qəbulundan əvvəl Nümayəndələr Palatasının komitə iclasında siyasətçilər Uvalde hücumunda sağ qalanların və həlak olanların qohumlarının ifadələrini dinləyiblər. Ən emosional çıxışlardan biri Mia Serillonun çıxışı olub: 11 yaşlı məktəbli atıcı onu görməməsi üçün öldürülmüş sinif yoldaşının qanına bulaşmağa məcbur olub.

Rəsmilər Uvalde məktəbində və Baffalo supermarketindəki hücumlarda şübhəli bilinən şəxslərin hücumlarda istifadə edilən yarı-avtomat silahları alan zaman hər ikisinin 18 yaşında olduğunu bildirib. Qanun layihəsində bu cür silahların alınması üçün minimum yaş həddinin 21 yaşa qədər artırılması da nəzərdə tutulub.

XS
SM
MD
LG