Accessibility links

“Gündəlik Bakı” qəzetinin baş redaktoru saxlanılıb


Habil Vəliyev
Habil Vəliyev

Dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevi saxlayıb. “Gündəlik Bakı” qəzetinin redaksiyası “Azərbyacan” nəşriyyatında yerləşir.

Bunu Amerikanın Səsinə "Gündəlik Bakı" qəzetinin redaksiyasından təsdiq ediblər.

Bir neçə gün əvvəl DTX “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevi də saxlayıb.

Azərbaycan Mətbuat Şurası hər iki qəzeti bir neçə il öncə “qara siyahısı”na daxil etməsinə baxmayaraq həmin nəşrlərə qarşı təsirli tədbirlər görulməyib.

Bəzi yerli nəşrlər hər iki qəzetin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş yüksək vəzifəli şəxsləri ilə bağlı olduğunu yazır. Yerli saytlar yazır ki, keçmiş MTN-nin hazırda həbsdə olan yüksək vəzifəli şəxsləri bu qəzetlər vasitəsi ilə biznesmenləri şantaj edib, böyük məbləğlərdə rüşvət alıblar.

DTX-nin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir. Həmin cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru H.Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Dekabrın 3-də “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevi saxlanılması ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin yaydığı məlumatda deyilir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib.

XS
SM
MD
LG