Accessibility links

Yazar Günel Mövludun iki qardaşı saxlanıb


Oktyabrın 13-də Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları - Raci və Vəkil İmanovlar polis tərəfindən saxlanılıb. Bu haqda Meydan TV yazarın atası Vəzir İmanova istinadən məlumat yayıb.

Vəzir İmanov bildirib ki, oğlu Vəkili oktyabrın 13-də axşam saatlarında iş yoldaşlarıyla eyni maşında işdən evə gələrkən saxlayıblar.

“İş yoldaşlarının mənə dediyinə görə, maşında 4 nəfər olublar. İş yerlərindən bir az uzaqlaşandan sonra polis oğlumun olduğu maşını saxlayıb və İmanov Vəkilin kim olduğunu soruşub. Oğlum özünü təqdim edəndən sonra onu Biləsuvar Rayon Polis Şöbəsinə aparıblar”.

Vəzir İmanovun söylədiyinə görə, digər oğlu Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıb:

"Oğlum Raci İmanovun saxlanıldığını da ailəsindən öyrəndim. Onu Sumqayıtda saxlayıblar. Onun da nəyə görə saxlanıldığını bilmirik".

Sumqayıt şəhərində yaşayan Raci İmanovun həyat yoldaşı Gülsu İmanova deyib ki, əvvəl Sumqayıtdakı 3-cü Polis Bölməsindən zəng vurub, Racinin şəxsiyyət vəsiqəsini istəyiblər.

“Atam vəsiqəni apardı. Dedilər ki, onu artıq Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar.Atamgil ora gediblər. Amma oradan deyiblər ki, vəsiqəsini sabah gətirsinlər. Nə saxlanılmasının səbəbini deyiblər, nə görüşə icazə veriblər”, o qeyd edib.

Günel Mövlud həyat yoldaşı ilə birlikdə xaricdə yaşayır. Xanım Mövlud hazırda Meydan.tv saytı və Azadlıq radiosu ilə əməkdaşlıq edir. O, bir müddət əvvəl sosial şəbəkələrdə fəaliyyətinə görə ailəsinə təzyiqlər edildiyini və qohumlarından imtina etdiyini yazmışdı. Yazar qardaşlarının saxlanılmasını özünün fəaliyyəti ilə əlaqələndirir.

"Onlar siyasətdən uzaq, sadə insanlardır. Elə bir həyat tərzləri yoxdur ki, həbsə səbəb olsun".

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA agentliyinin sorğusuna cavabda bildirib ki, dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar.

“Hal şahidlərinin iştirakı ilə üzərilərində keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG