Azraq İordaniyada yerləşən ikinci ən böyük Suriya qaçqın düşərgəsidir. 2 il öncə düşərgə açıldığından bu yana insanlar burada elektrik enerjisi olmadan yaşayırdılar.
Lakin, artıq İKEA fondu tərəfindən maliyyələşdirilən günəş enerjisi panelləri sayəsində düşərgə elektrik enerjisi ilə təmin olunacaq.
Kelli Klements – BMT-nin Qaçqınlar üzrə Ali Komissarı
"Bundan sonra düşərgədə elektrik enerjisindən istifadə ede biləcəklər. Elektrik təhlükəsizlikdir, qaranlıqdan qorunmaqdır. Elektrik isti havalarda sərinlik, soyuq aylarda istilik əldə edə bilməkdir."
Fərhan Nazzal isə bildirir ki, daimi enerjiyə sahib olmaq azadlıqdır.
Fərhan Nazzal – Suriyalı qaçqın
"Elektrik enejimiz olmayana qədər biz rahatlıqla hərəkət edə bilmirdik. Gün batar-batmaz evimizdə olmalıydıq. İndi isə axşamlar rahat şəkildə qonşularımızın evinə qonaq gedə bilirik və ya onlar bizə qonaq gəlirlər. İndi hər şey daha əyləncəlidir və bu da bizi xoşbəxt edir."
Artıq uşaqlar da rahat şəkildə televizor izləyə bilirlər. Amma Anas Əhmədin fikrincə enerjinin ən böyük əhəmiyyəti başqadır.
"Ən önəmlisi təhsildir. Artıq elektrik sayəsində mənim övladlarım gecələr də oxuya biləcəklər. Həm də yayda vaqonlar çox isti olur. Amma indi ventilyator işlədə bilərik, suları soyuducuda soyuda bilərik. Və əlbəttə ki, paltaryuyanlar. Əvvəllər həyat yoldaşım paltarı əllə yumağa məcbu idi. İndi isə paltar yumaq onun üçün çox rahatdır." deyə Anas Əhməd bildirib
Günəş enerjisi panellərinin qurulması düşərgədə yaşayanlar üçün həm də iş imkanları yaradıb. Artıq 50 nəfər sakin təlim keçərək bu təsissatlarda işə başlayıblar. Onlar burda qazandıqları təcrübə sayəsində düşərgədən kənarda da iş tapa bilərlər.