Güneyli yazar Güntay Gəncalp 9-cu əsrdə baş verən xürrəmilər hərəkatı lideri Babəkin türk olmadığına dair sözlərinə görə bəzi fəallar tərəfindən pan-İranizm düşüncəsinə xidmət etməkdə günahlandırılır. Yazar Amerikanın Səsi ilə söhbətdə ona qarşı irəli sürülən tənqidlər və Amerikanın Səsinin suallarına cavab verməklə yanaşı bu yaxınlarda Bakıda nəşr etdiyi Qafqaz Türklərinin Oyanış Dövrü adlı yeni kitabı haqqında danışıb.
Finlandiyada mühacirətdə yaşayan araşdırmaçı son illərdə bəzi tarixi dövrlər və şəxsiyyətlər haqqında yaydığı kitablar və məqalələri ilə Azərbaycan mediasında geniş polemikalara yol açıb.
Babək Xürrəmi ya onun kimi şəxsiyyətlərlə bağlı biz özümüz bilgi ürətməmişik. Bu bilgilərin hamısı Sovet Azərbaycanında ürədilmiş, zəhmətini də biz çəkməmişik. Bunlar Sovetlər və Sovetizmin mənfəətlərinə xidmət edən sosioloji bir ortamda hazırlanmışdır.Güntay Gəncalp
Gəncalp Babək kimi şəxsiyyətlərlə bağlı mövcüd tarixi yazıların əslində Sovetlər və Sovetizmin mənfəətləri əsasında hazırlandığını önə çəkir:
“Babək Xürrəmi ya onun kimi şəxsiyyətlərlə bağlı biz özümüz bilgi ürətməmişik. Bu bilgilərin hamısı Sovet Azərbaycanında ürədilmiş, zəhmətini də biz çəkməmişik. Bunlar Sovetlər və Sovetizmin mənfəətlərinə xidmət edən sosioloji bir ortamda hazırlanmışdır.”
“Məmməd Əmin Rəsulzadənin də Babək Xürrəminin türk olmaması ilə bağlı məqaləsi vardır,” deyə söyləyən Güntay Gəncalp Babəkin şərəfli bir mübarizə aparmış olub, amma türk olmadığını vurğulayır.
Yazarın Babək haqqında söylədiyi sözlərdən güneyli fəalların pan-İranist kimi tanıdıqları veb səhifələr də istifadə edib. Bəzi fəalların fikrincə, Gəncalpın yazdıqları pan-İranist düşüncələrə xidmət edir, onların əlinə bəhanələr verir.
Gəncalp isə həqiqətləri söylədiyini, yalanla bir yerə varılmadığını vurğulayır.
“Həqiqət başqa şeydir. Yalanla bir yerə çatmaq olmaz. Yalan və yanlış bilgi sıxıntı, doğru bilgi isə aydınlıq yaradar... Mən həqiqəti deyəndə bəhanə vermək məsələsini düşünmürəm. Çünki həqiqətin özü yolu aydınladar,” deyə o söyləyir.
Gəncalp ötən illərdə güneyin Qaradağ bölgəsində yerləşən Babək qalasında keçirilən milli mərasimləri oyanış hərəkatının “üfüqi mərhələsi”nin bir hissəsi olaraq dəyərləndirir:
“Millətlərin həyatında oyanışın iki mərhələsi var; üfüqi və əmudi (şaquli). Babək qalasına getməklə, bu duyğular bu həyəcanlarla millət azad olmaz. Bunun bir sürəsi vardır, sürə dolar, o [həyəcan] ölər gedər. Bir də əmudi mərhələ, yəni intellektual və düşünsəl yüksəliş hərəkəti var. Bu, çox çətindir. Bunun üçün gərək həqiqəti dərk edəsən, qələmi alasan əlinə, sözlərlə millətin yoluna işıq saçasan...”
Millətlərin həyatında oyanışın iki mərhələsi var; üfüqi və əmudi (şaquli). Babək qalasına getməklə, bu duyğular bu həyəcanlarla millət azad olmaz. Bunun bir sürəsi vardır, sürə dolar, o [həyəcan] ölər gedər. Bir də əmudi mərhələ, yəni intellektual və düşünsəl yüksəliş hərəkəti var.Güntay Gəncalp
“Bizim düşüncə həyatımızda rönesans (intibah dövrü) gerçəkləşməlidir, inqilab yox. Bizə inqilab lazim deyil. İnqilabları gördük... Xomeynini iş başına gətirən də elə Təbrizdəki hərəkat oldu, 29 Bəhmən məsələsi,” deyə güneyli yazar ifadə edir.
O, Azərbaycanda intibah dövrünün yaşanmadığını deyir:
“Renessans, yəni yenidən doğuş bizim düşüncə həyatımızda gerçəkləşməmiş... Bir millət azad olmaq istəyirsə, tarixə baxış bucağını dəyişdirməlidir, cünki zatən indiki durumu tarixin nəticəsidir.”
Güntay Gəncalp 1920-dən bəri Azərbaycan Respublikasından güney toplumuna ancaq yalanların gəldiyini irəli sürür.
“1920-də Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətin devrilməsindən indiyə qədər Şimali Azərbaycandan bizim topluma yalan gəlib... Bu yalanların adı da İran fars millətçiliyinin Azərbaycan dili adlandırdığı dildə yenidən bizim duyğularımıza yerləşdirilməsidir,” deyə qeyd edən Gəncalp yalanlara savaş açdığını söyləyir.
Güntay Gəncalp müsahibənin ikinci bölümündə yeni nəşr etdiyi Qafqaz Türklərinin Oyanış Dövrü adlı kitabı ilə bağlı məlumat verir.
Azərbaycan Respublikasında Qanun Nəşriyyatı tərəfindən yayılan kitabda qafqaz türkləri arasında modernləşmə, sekularizm (dünyəvilik), ənənələrə qarşı çıxma, din məsələsi, qadın haqları və dil məsələsi kimi mövzular ələ alınmışdır.