Accessibility links

Hakim Salman Rüşdiyə hücum edən şəxsin zaminə buraxılmasına icazə verməyib


Hadi Matar
Hadi Matar

Keçən həftə yazıçı Salman Rüşdiyə hücum etməkdə ittiham olunan 24 yaşlı gənc Nyu York ştatının Şatokua əyalət məhkəməsində cümə axşamı böyük münsiflər heyəti tərəfindən ittiham edilib.

İkinci dərəcəli adam öldürməyə cəhd və ikinci dərəcəli hücum ittihamları ilə özünü təqsirli bilməyən Hadi Matar zaminə buraxılmayıb.

Cümə günü 75 yaşlı Rüşdi Baffalo şəhəri yaxınlığındakı Şatokua mühazirə zalında çıxışa hazırlaşarkən hücuma məruz qalıb. O, boynundan və gövdəsindən bıçaqlanıb və dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Orada ona bir neçə əməliyyat olunub. Onun agenti qaraciyərinin zədələndiyini, bir qolunda əsəb damarının kəsildiyini, görmə qabiliyyətini itirə biləcəyini, lakin sağalmağa doğru getdiyini deyib.

Polis Matarı hadisə yerində həbs edib. O, zaminə buraxılmadan Çatokya əyalət həbsxanasında saxlanılır.

Çərşənbə günü həbsxanada edilən və “Nyu York Post” tərəfindən yayımlanan müsahibəsində Matar Rüşdinin sağ qaldığına təəccübləndiyini və yazıçının sağ qalacağını düşünmədiyini deyib.

“The Post” yazır ki, vəkilinin məsləhəti ilə Matar Rüşdinin 1988-ci ildə “Şeytan ayələri” kitabının nəşrindən sonra müəllifin ölümünə çağıran İran fətvasından və ya dini fərmandan ilhamlanın-ilhamlanmadığı barədə şərh verməyib.

İranın mərhum Ali dini rəhbəri Ayətulla Ruhulla Xomeyni 1989-cu ildə Rüşdinin ölümü ilə bağlı fətva verib. Matar mərhum Ayətullaya hörmət etdiyini, onu dahi insan adlandırdığını və Rüşdinin kitabından cəmi bir neçə səhifə oxuduğunu deyib.

Hücumda təqsirləndirilən şəxs Rüşdini sevmədiyini bildirib. “Post” “Mən onun çox yaxşı insan olduğunu düşünmürəm. O, İslama hücum edən biridir, onun inanclarına, inanc sistemlərinə hücum edib” Matardan sitat gətirib.

Matar İran İnqilab Keşikçiləri ilə əlaqə saxladığını inkar edib və tamamilə təkbaşına hərəkət etdiyini bildirib. O, “Post”a deyib ki, qışda tvitter-də Rüşdinin səfəri barədə məlumatı gördükdən sonra Şatokuaya getmək qərarına gəlib və hücumdan bir gün əvvəl onun avtobusla səfərini təsvir edib.

İran Xarici İşlər Nazirliyi bu həftə insidentlə və ya təqsirləndirilən şəxslə əlaqəsi olduğunu təkzib edib.

Matar ABŞ-da anadan olub, lakin valideynlərinin doğulduğu Livanda ikili vətəndaşlığa malikdir. Anası jurnalistlərə müsahibələrində bildirib ki, Matar 2018-ci ildə atasını görmək üçün Livana səfərindən sonra dəyişib.

XS
SM
MD
LG