Accessibility links

Həmasın Qəzzadan gözlənilməyən hücumu İsraili sarsıdıb, döyüşlərdə onlarla insan ölüb


Həmas militantları şənbə günü mühüm yəhudi bayramı günü misli görünməmiş gözlənilməyən hücuma başlayaraq Qəzza zolağı yaxınlığındakı İsrail şəhərlərinə minlərlə raket atıb və onlarla döyüşçü göndərib. Nəticədə onlarla insan ölüb, ölkə şok vəziyyətə düşüb. İsrail indi Həmasla müharibədə olduğunu bildirib və Qəzzaya hava hücumları edərək, “indiyədək heç vaxt ödəmədiyi bədəl” ödətdirəcəyini bildirib.

Hücumun başlamasından bir neçə saat sonra Həmas militantları hələ də bir neçə İsrail icması daxilində silahlı döyüşlər aparıblar. İsrailin milli xilasetmə xidməti ən azı 70 nəfərin öldüyünü və yüzlərlə insanın yaralandığını, bunun İsraildə son illərdəki ən qanlı hücum olduğunu bildirib. Naməlum sayda İsrail əsgəri və mülki vətəndaşın da ələ keçirilərək Qəzzaya aparılıb ki, bu da İsrail üçün çox həssas bir məsələdir.

Fələstinin Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, İsrailin cavab zərbələri nəticəsində Qəzza zolağında ən azı 198 nəfər həlak olub və ən azı 1610 nəfər yaralanıb.

Hücumların gücü və zamanlaması israilliləri şoka salıb. Həmas döyüşçüləri uzun zamandır mühasirəyə alınan bu Aralıq dənizi ərazisini əhatə edən sərhəd hasarını yarmaq üçün partlayıcılardan istifadə edib, daha sonra motosikletlər, pikaplar, paraplanlar və sahildən sürətli qayıqlarla sərhədi keçiblər.

İsrail şəhərlərində küçələrdə israilli mülki vətəndaşlar və Həmas militantlarının cəsədlərini görmək mümkün olub. Associated Press-in fotolarında qaçırılan yaşlı israilli bir qadının silahlılar tərəfindən mühasirə olunaraq qolf maşınında Qəzzaya aparıldığı, bir başqa qadının isə motosiklet üzərində iki döyüşçünün arasında aparıldığı göstərilir. Sosial mediada yayılan görüntülərdə döyüşçülərin ələ keçirdikləri İsrail hərbi maşınlarını Qəzza küçələrində nümayiş etdirdiyi və ölü bir İsrail əsgərinin izdiham tərəfindən sürükləndiyi və tapdalandığı göstərilir.

Hücumun İsraillə Həmas militantları arasında genişmiqyaslı tələfat və Qəzzədə genişmiqyaslı ölüm və dağıntılar və İsrail şəhərlərinə günlərlə davam edən raket atəşləri ilə nəticələnən əvvəlki münaqişələr kimi daha geniş münaqişəyə çevrilmək təhlükəsi var.

“Biz müharibədəyik,” İsrailin baş naziri Benyamin Netanyahu televiziyada yayımlanan xalqa müraciətində deyib və kütləvi ordu səfərbərliyi elan edib. “Biz müharibədəyik,” Netanyahu deyib. “'Əməliyyat' yox, 'raund' yox, müharibə!”

“Düşmən indiyədək heç vaxt ödəmədiyi bədəl ödəyəcək,” o deyib və İsrailin “düşmənin daha öncə görmədiyi miqyasda cavab atəşi” verəcəyini vəd edib.

ABŞ Prezidenti Co Bayden şənbə günü Ağ Evdən çıxış edib. O, Netanyahu ilə danışdığını bildirərək deyib ki, "Birləşmiş Ştatlar İsrailin yanındadır. Mənim administrasiyamın İsrailin təhlükəsizliyinə dəstəyi qaya kimi möhkəm və sarsılmazdır."

Həmasın hərbi qanadının kölgə rəhbəri Məhəmməd Deif hücumun Qəzzənin 16 ildir davam edən blokadasına, İsrailin son idə İordan çayının qərb sahilindəki şəhərlərə həyata keçirdiyi reydlərə, Əl Əqsadakı zorakılıqlara, fələstinlilərə hücumlarının artmasına və məskunlaşmaların artmasına cavab olduğunu deyib.

"Yetər artıq!" deyə o, əvvəlcədən lentə alınan mesajı vasitəsilər bildirib. O, hücumun “Əl-Əqsa əməliyyatı”nın başlanğıcı olduğunu deyib və Qüdsün şərqində yaşayan fələstinliləri də mübarizəyə qoşulmağa çağırıb. "Bu gün insanlar öz inqilablarını qaytarırlar."

Netanyahu şənbə günü yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə görüşdə bildirib ki, əsas prioritet İsrailin cənubunu militantlardan təmizləmək, ardından isə Qəzzaya böyük cavabdır.

Tel Əviv sakini və Tel Əviv Universitetinin professoru Lev Eppelbaum Amerikanın Səsinə müsahibədə səhərdən bəri şəhərdə ən azından 20 hava hücumu ilə bağlı xəbərdarlıq sirenalarının eşildiyini bildirib. Onun sözlərinə görə, sirena səsləri eşidiləndə insanlar binaların dəhlizinə və yaxud bomba sığınacaqlarına qaçmalıdırlar.

"Amma bomba sığınacağı zirzəmidə yerləşdiyi üçün ora gedib çıxmaq çox vaxt aparır, ona görə də hamı adətən dəhlizə çıxır," o deyib.

Eppelbaum bildirib ki, insanlar arasında panika yoxdur, çünki israillilər havadan zərbələr öyrəşiblər. Amma onun dediyinə görə, bu dəfəki vəziyyət daha fərqlidir.

"Biz bir növ buna öyrəşmişik və raketlərin çoxu adətən Dəmir Günbəz tərəfindən vurulurdu. Amma indi Həmas xaricdən hücum edib və dənizdən döyüşçülər gəlib. Onlar həm qurudan, həm havadan paraplanlarla, həm də dənizlə daxil olublar və böyük bir qrup girov götürülüb. Hazırda 35-ə yaxın girov olduğunu deyirlər. Bu, İsraildə heç vaxt olmamışdı," o deyib.

Forum

XS
SM
MD
LG