Accessibility links

Haray: İranda insanların daşqalaq olunmasının ictimaiyyətə təsirləri


Haray: İranda insanların daşqalaq olunmasının ictimaiyyətə təsirləri
Haray: İranda insanların daşqalaq olunmasının ictimaiyyətə təsirləri

Haray proqramının bugünkü buraxılışını İranda insanların daşqalaq olunmasının ictimaiyyətə təsirlərinə həsr etmişik. Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi işçisi, fəlsəfə elmlər namizədi Ağalar Məmmədovun sözlərinə görə, bu kimi cəzalar cəmiyyəti gündən-günə daha da sərtləşdirir. Onunla söhbəti sizə təqdim edirik.

Sual: İranda son dövrlər insanların daşqalağı ilə bağlı məhkəmə qərarları var. Xüsusilə son günlər Ali Məhkəmə iki Ərdəbil sakininə qarşı bu cəzanı təsdiq edib. Necə qiymətləndirirsiniz, cəza kimi insanın daşqalaq edilməsi, yəni fiziki mənada insanların gözü qarşısında öldürülməsi, bunun fəlsəfi anlamı nə deməkdir? Dini anlamı nə deməkdir?

Cavab: Diktatorlar normal insan kimi gülümsəyə bilmirlər, daim xof içərisində, qorxu altındadırlar, daim vicdanlarının oyanacağından, daim hansısa xalq kütlələrinin ayağa qalxıb təkcə onları hakimiyyətdən salacaqlarından yox, həm də onların səhv etdiklərini onlara sübut edəcəklərindən qorxurlar. Belə dikdə hakimiyyətləri – İran və bizim hakimiyyət də daxil çalışırlar ki, xalq sussun. İrandakı qadınların daşqalaq edilməsinə belə münasibət bildirərdim. Fəlsəfi baxımdan biz qadınlar təbiət kimi, kişiləri isə mədəniyyət kimi götürürük. Düzdü mədəniyyətin yaradılmasında qadınları rolu var. Qadının mədəniyyətin təkanvericisi olması faktdır, amma, mədəniyyətin sonrakı mürəkkəb inkişafında kişilər daha irəlidədirlər. Qadınlar isə daha çox təbiət rolundadırlar. Bu baxımdan qadından qorxulması, onların bu şəkildə anti-insani vəhşiliklə cəzalandırılması İran üçün tamamilə normaldır.

Sual: Qadınların insanların gözü qarşısında daşqalaq edilməsi, cəmiyyətdə hansı mənəvi hisslər yaradır? Təbii ki, qorxu hissi yaradır. Qorxu hissi ilə cəmiyyətin idarə edilməsi nə qədər doğrudur?

Cavab: Qadın cəmiyyət üçün bir zəriflik, şəfqət, mehribanlıq deməkdir. Ümumi bir yumşaqlıq çəkisi var. Cəmiyyətdə o yumşaqlıq cəzalandırılırsa, bu şəkildə daşqalaq edilirsə, cəmiyyət sərtləşir, cəmiyyət kişiləşir. Cəmiyyət tamamilə femininliyini itirir. Mənə belə gəlir ki, kişilərin cəzalandırılması, kişilərin kişilərlə haqq-hesabı kimi baxmaq olardı, amma qadınların bu şəkildə cəzalandırılmasının cəmiyyətə psixi təsir buraxır. Zəriflik aradan qalxır.

Sual: Dünyada bir hərəkat da mövcuddur. Xüsusilə Fransa prezidentinin xanımı İranda qadının daşqalaq edilməsinin əleyhinə bəyanatla çıxış edib və İran hökumətinə müraciətlər olub. O cümlədən, İtaliya futbol komandasının ulduzları da müraciət edib və çoxsaylı ictimai xadimlər müraciət edib ki, daşqalaq hökmü aradan qaldırılsın və daşqalaq hökmünə məruz qalmaqda olan qadınlar bağışlansın. İran hakimiyyəti isə islamın buna yol vermədiyini deyir. Necə qiymətləndirirsiniz, yəni dünyada bir çağırış və ona cavab.

Cavab: Dünyanın o biri başından etiraz bildirirlər, amma onun qonşuluğundan buna etiraz yoxdur. Ümumiyyətlə Azərbaycan cəmiyyəti bu məsələyə çox laqeyd yanaşır. Bu, tamamilə insani məsələdir. Bir insanın daşqalaq edilməsi, bir insanın taleyidir. Mən inanmıram ki, onlar hamısı qadın düşmənləridir. Sadəcə olaraq cəmiyyətdə bunu bu formada bildirirlər. Onlar sırf zinaya görə daşqalaq edilirlər, yoxsa onların siyasi fəaliyyəti var? Onlar adətən insanları ləkələyən ittihamlar irəli sürürlər. Guya ki, narkotikadan istifadə olunub, guya zina edib. Əslində onların əksəriyyəti siyasətlə, milli azadlıq məsələləri ilə məşğul olublar. Bəlki ana dilində tədris irəli sürüblər, bəlkə qəzet çıxartmaq istəyiblər. Amma onun adını zina qoyurlar. Kökünə baxanda heç də elə deyil. Onları susdurmağında bir yolu yoxdur. Cəza sən özünü zəid hiss edəndə şiddətli olur. Özünü güclü hiss etsən, o qədər şiddətli cəza verməzsən. Görünür, İran özünü çox zəif hiss edir ki, xalqa bu qədər divan tutur.

XS
SM
MD
LG