Livanın baş naziri Səad Əl-Həriri çərşənbə günü prezident Mişel Aunun xahişi ilə istefasını təxirə salıb.
Livanın müstəqillik günü münasibətilə keçirilən paraddan sonra Beyrutda müxbirlər qarşısında çıxışında Həriri istefasini təxirə salmasının səbəbinin prezidentlə daha çox müzakirələr üçün vaxt ayrılması olduğunu bildirib.
Həririnin bu ayın əvvəli Səudiyyə Ərəbistanında olarkən vəzifəsindən istefa verdiyini elan etməsi və daha sonra onun Səudiyyə Ərəbistanında qalmaqda davam etməsi ölkədə siyasi böhrana səbəb olub. Onun Səudiyyə Ərəbistanında həbs edildiyi barədə şayiələr dolaşırdı.
Aun deyib ki, o, Həriri ilə şəxsən görüşməyincə, onun istefasını qəbul etməyəck.
İstefa çıxışında Həriri İran və Hizbullahın ərəb dövlətləri arasında nifaq saldığını deyib və ona qarşı sui-qəsd hazırlandığından ehtiyat etdiyini bildirib.
2005-ci ildə avtomobil partlayışı onun atası, sabiq baş nazir Rafik Həririnin ölümünə səbəb olub.