Texasın cənub-şərqində Harvi qasırğası qurbanları üçün xilasetmə səyləri davam etdiyi bir zamanda Ağ Ev yerli sakinləri əmin edib ki, onlara yardım üçün kifayət qədər vəsait ayrılacaq.
Texas və Luiziana ştatlarında rekord yağışlar gətirmiş Harvi inanılmaz miqdarda ziyan vurub. ABŞ-ın dördüncü ən iri şəhəri olan Hyuston ən çox zədəyə məruz qalıb.
Qarşıda bizi uzun və gərgin dirçəliş prosesi gözləyir.
Yağışın bitməsinə və günəşin çıxmasına baxmayaraq cümə axşamı rəsmilər şərqi Hyustondan adamların evakuasiya edilməsinə göstəriş veriblər.
Tufanla bağlı ölənlərin rəsmi sayı 37-ə çatıb.
Ağ Evin müşaviri Tom Bossert müxbirlərə rəqəmin artacağını gözlədiyini bildirib.
Bossert deyir ki, rəsmilər hələ də əsas diqqətini xilasetmə əməliyyatlarına yönəldiblər.
Qarşıda bizi “uzun və gərgin dirçəliş prosesi” gözləyir, deyə o bildirib.
Bossert 100,000 evin, o cümlədən çox syda ictimai infrastrukturun, magistral yolların və körpülərin qasırğa təsirinə məruz qaldığını bildirib. Lakin o əlavə edib ki, yardım üçün ayrılmış vəsait kifayət qədərdir.
“Mən pulun çatışmayacağından qətiyyən narahat deyiləm,” Bossert deyib.
Harvi qasırğasının təsirlərinin aradan qaldırılması üçün təsis olunan yardım fondunda $3.2 milyard dollar pul toplanıb.
Könüllülər və dövlət agentliklərinin birgə səyləri nəticəsində indiyədək 72,000 adamın daşqınlardan xilas edildiyi güman olunur.