Accessibility links

Həbsxanada insident, bir dustaq ölüb, biri qaçıb


Həbsxanada insident, bir dustaq ölüb, biri qaçıb
Həbsxanada insident, bir dustaq ölüb, biri qaçıb

İnsident Bakının Qaradağ eayonu ərazsindəki cəzaçəkmə müəssisəsində baş verib

Turan Agentliyinin məlumatına görə, dekabrın 8-də Penitensiar Xidmətin Qaradağ rayonu ərazisindəki 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində iki insident baş verib. Qaradağ Rayon Prokurorluğunun məlumatına görə, məhbus Faiq Fərəcov (1983-cü ildə anadan olub) qaçıb. Digər məhbus Fərid Dadaşov (1988-ci il) özünü asıb. Hadisədən dərhal sonra həyəcan siqnalı səslənib. Qaçan məhbusun tutulması üçün qrup yaradılıb. Fakt üzrə cinayət işi qaldırılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA Agentliyinə bildirib ki, hadisə ötən gün saat 20.00 radələrində Bakının Qaradağ rayonu ərazisində yerləşən mühafizə olunmayan açıq tipli cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Həmin müəssisədə cəza çəkən, saxlanma qaydalarını pozduqları üçün cərimə kamerasında saxlanılan iki nəfər - 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu və 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlu müəssisənin növbətçisinə müraciət edərək kameranın kanalizasiya xəttində nasazlığın olması barədə yalan məlumat verib.
Növbətçidən kömək istəyən məhkumlar qaçmaq niyyətində olublar. Belə ki, onlar əvvəlcədən yataq çarpayılarını sökərək dəmir alətlərlə silahlanıblar. Müəssisənin əməkdaşları kameraya daxil olan kimi məhkumlar onlara hücum edərək xəsarət yetiriblər. Nəticədə cəzaçəkmə müəssisəsinin əməkdaşları - Seymur Məhərrəmov və Ramiz Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaranmış vəziyyətdən istifadə edən Faiq Fərəcov hadisə yerindən qaçıb. Digər məhkum, Fərid Dadaşov isə zərərsizləşdirilərək yenidən cərimə kamerasına salınıb. Müəssisə əməkdaşlarının qaçan məhkumun arxasınca getməsindən istifadə edən Fərid Dadaşov saxlandığı cərimə kamerasında yastıq üzlüyü ilə özünü asıb.

M. Sadıqov hazırda F.Fərəcovun tutulması istiqamətində axtarışların davam etdirildiyini qeyd edib. O, həmçinin bildirib ki, məhkum F. Dadaşov 2008-ci ildə Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. F. Fərəcov isə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) və 304.2-ci (həbsdən qaçma) maddələri ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG