Accessibility links

Xan Yunusda İsrail və HƏMAS arasında şiddətli döyüşlər davam edir


Şimalda Qəzza şəhərində döyüşlər davam etdiyi bir vaxt, bazar ertəsi Qəzza zolağının cənubundakı Xan Yunus və ətrafında İsrail qüvvələri ilə HƏMAS döyüşçüləri arasında şiddətli döyüşlər gedib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi şiddətli döyüşlərin və əsas yollara girişin məhdudlaşdırılmasının humanitar əməliyyatlara mane olduğu Misir sərhədi yaxınlığındakı Rəfah bölgəsi istisna olmaqla, Qəzzaya yardımın əsasən dayandığını dayandığını bildirib.

Döyüşlər təxminən 1,9 milyon insanın Qəzzadakı evlərindən didərgin düşməsinə səbəb olub. Onlardan çoxu sanitar şəraitin pis olduğu və yoluxucu xəstəliklərin artması təhlükəsi ilə bağlı xəbərdarlıqlar fonunda cənubdakı izdihamlı sığınacaqlara üz tutub.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin bildirdiyinə görə, son bir həftə ərzində on minlərlə insan Rəfaha gedib. Eyni zamanda, İsrail Qəzzanın ikinci ən böyük şəhəri olan Xan Yunusdakı əməliyyatlar da daxil olmaqla, cənubda HƏMAS militantlarına qarşı əməliyyatlarfını genişləndirib.

Birləşmiş Ştatlar bazar günü İsrail ordusunun mümkün olduğu qədər fələstinli mülki əhalinin qorunması məqsədilə açıqladığı niyyətinin uğursuzluqla nəticələndiyini bildirib.

"Mülki əhalinin müdafiəsi vacibdir", ABŞ dövlət katibi Antoni Blinken CNN kanalının "State of the Union" verilişində deyib. Onun sözlərinə görə, İsrail HƏMAS militantlarına qarşı hücumunu davam etdirərkən Fələstinin mülki əhalisini müdafiə edə bilməyib.

ABŞ-ın yüksək səviyyəli diplomatı deyib ki, "Qəzzaya [daha çox humanitar] yardım çatdırıla bilməsi" üçün münaqişədə fasilələri və "mülki əhalinin təhlükəsiz sığınacaq tapa bilməsi üçün İsrailin hücum etməyəcəyi bölgələr üçün demarkasiya xətlərinin aydın edildiyini görmürük”.

BMT Baş Assambleyası çərşənbə axşamı fövqəladə iclas keçirərək, Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini səsə qoyacaq.

Fələstinin BMT-dəki səfiri Riyad Mənsur Associated Press agentliyinə deyib ki, bu, ABŞ-ın cümə günü veto qoyduğu Təhlükəsizlik Şurasının qətnaməsinə bənzəyir.

Oktyabrın 7-də HƏMAS militantlarının gözlənilmədən İsrailin cənubuna hücum edərək, 1200-ə yaxın insanı öldürməsi və 240-a yaxın insanı girov götürməsindən sonra İsrail ABŞ-ın terror qruplaşması hesab etdiyi HƏMAS-ı məhv edəcəyinə söz verib. 2007-ci ildən Qəzzanı idarə edən HƏMAS hələ də 140-a yaxın girovu saxlayır.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin bildirdiyinə görə, son 7 həftədə İsrailin havadan və quruda etdiyi hücumlar zamanı əksəriyyəti qadın və uşaqlar olmaqla, 18 minə yaxın insan həlak olub.

Forum

XS
SM
MD
LG