Accessibility links

AXCP fəalı cərimə kamerasına salınıb


Fuad Əhmədli
Fuad Əhmədli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədli cərimə kamerasına (kars) salınıb. Bu barədə vəkil Əsabəli Mustafayev facebook səhifəsində yazıb.

“Hüquqlarını müdafiə etdiyim gənc siyasi fəal Fuad Əhmədlinin bu gün ad günüdür. Onun 27-ci yaşını təbrik etmək üçün istintaq təcridxanasına getmişdim. Fuad bəylə görüş ərəfəsində məlum oldu ki, o, karserdə saxlanılır. Valideynləri bu gün onun görüşünə getmiş, özləri ilə ərzaq məhsulları, ən əsası isə ad günü tortu aparmışlar. Lakin valideynlərə nə görüş verilmiş, nə də onlardan ərzaq məhsulları təhvil alınmışdır. Çünki orada bildiriblər ki, Fuad bəy dünəndən istintaq təcridxanasının karserinə salınıb. Təcridxanada Fuad bəylə görüşəndə karserə salınma səbəbi ilə maraqlandım. Bildirdi ki, kamera yoldaşı ilə zarafat ediblər. Bu nəzarətçılərdən kiminsə xoşuna gəlməyib və məsələni şişirdiblər ki, güya onlar arasında dava olub. Onlar hər ikisi izahat yazıblar ki, sadəcə bekarçılıqdan zarafat ediblər. Lakin təcridxana əməkdaşları bu məsələdən gənc fəalı cəzalandırmaq imkanı kimi istifadə ediblər. Onların hər ikisini dünəndən karserə salıblar.

Bu gün isə Fuad bəyə elan ediblər ki, rəis müavini Rauf müəllimin qərarı ilə onun barəsində 5 gün karserdə saxlanılma cəzası tətbiq olunub. Bu qanunsuz tədbirə etiraz olaraq Fuad aclıq elan edib və ona təqdim edilən yeməyi almaqdan imtina edib. Beləliklə də, gənc fəal öz ad gününü soyuq karserdə, ac qeyd etməyə məcbur edilib. Onsuz da xəstə olan Fuadın aclıq səbəbindən bu gün halı pisləşib. Karserdə onunla bir kamerada qalan dustaq qapını döyərək Fuad üçün həkim çağırılmasını tələb edib. Nəzarətçi həkimin gələcəyini vəd etsə də, həkim gəlməyib. Fuad ilə mən görüşərkən o çox halsız idi. Mən elə bilirdim ki, ayaq üstə dayana bilməyib yıxılacaq. Fuad bəy mənə bildirdi ki, karsda növbə rəisi olan Mahir adlı şəxs, orada nəzarətçi olan Fuad Qurbanov onunla çox kobud, təhqiramiz davranırlar. Sonuncu şəxs Fuad bəyə açıq-aşkar düşmən münasibəti bəsləyir, ona zülm edəcəyi ilə hədə-qorxu gəlir. Bu hal Fuad bəyin karserə salınmasının əvvəlcədən planlaşdırılmış məsələ olduğunu, ona fiziki və psixoloji təsir etmək məqsədi güddüyünü nümayiş etdirir”, o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmət hələ vəkilin yazdıqlarına münasibət bildirməyib.

F. Əhmədli 2016-cı il avqustun 18-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu həbslə əlaqədar Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda deyilir ki, "Azerfon" MMC-də "Zənglər mərkəzi"ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları, "Hizmet imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Fuad Əhmədlinin yaxınları evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

AXCP isə bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır. Bunda məqsəd partiya və onun lideri Əli Kərimlini hədəf almaqdır. Üstəlik, AXCP hesab edir ki, hakimiyyət bir tərəfdən rəqibləri sıradan çıxarır, başqa tərəfdən də öz içində Fetullah Gülən-lə əməkdaşlıq edən şəxsləri himayə edir.

XS
SM
MD
LG