Accessibility links

Məhkəmə Rauf Mirqədirovun apellyasiya şikayətini təmin etməyib


Rauf Mirqədirov
Rauf Mirqədirov

Jurnalist ittihamı absurda sayaraq ifadə verməkdən imtina edir

Iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində “Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirovun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığı müddətdə doğmaları ilə görüşmək və telefonla danışmaq, həmçinin öz seçimi ilə qəzet və jurnallarla tanış olmaq hüququnun pozulması üzrə apellyasiya şikayətinə baxılıb.

Vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib ki, hələ aprelin 25-də müdafiə tərəfi R.Mirqədirovun hüquqlarının pozulması ilə bağlı istintaq orqanına şikayət edib.

Lakin mayın 7-də Baş Prokurorluğun müstəntiqi İbrahim Ləmbəranski R.Mirqədirovun sözügedən hüquqlarının məhdudlaşdırılması barədə qərar qəbul edib.

Bununla bağlı müdafiə tərəfi Səbayel rayon Məhkəməsinə müraciət edərək aprelin 25-dən mayın 7-dək təcridxana rəhbərliyi tərəfindən R.Mirqədirovun hüquqlarının pozulmasının tanınmasını istəyib.

Hakim Rauf Əhmədov vəkilləri xəbərdar etmədən şikayətə baxaraq belə qarara gəlib ki, bu, İnzibati-İqtisadi Məhkəmənin yurisdiksiyasına aiddir.

Vəkilin sözlərinə görə, təcridxanada saxlanma müddətində hüquqların pozulmasına dair şikayətlərə ümumi məhkəmələr tərəfindən məhkəmə nəzarəti qaydasında baxılmalıdır.

Müdafiə tərəfi hakim R.Əhmədovun hərəkətindən Apellyasiya Məhkəməsinə şikayət edib. Lakin bu gün hakim Qədim Babayev şikayəti təmin etməyib.

Digər şikayət isə müstəntiq İbrahim Ləmbəranskinin hərəkətindən verilib. Səbayel məhkəməsinin hakimi Azər Tağıyev onu təmin etməyib.

İyunun 6-da şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Şikayətə baxılan zaman R.Mirqədirovun bəyanatla çıxış edəcəyi göslənilir. Bəyanatın məzmunu hələlik açıqlanmır. Gələn həftə R.Mirqədirov istintaqa ifadə verəcək.

R.Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edildikdən sonra həbs olunub.

O, Ermənistanın xeyrinə casusluqda ittiham olunub və aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.

Jurnalist ittihamı absurd sayaraq ifadə verməkdən imtina edir.

Lakin ötən gün o, bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə istintaqa ifadə vermək qərarına gəlib.
XS
SM
MD
LG