Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Yasamal rayon şöbəsinin sədri Nisəxanım Vəliyeva fevralın 21-də evindən Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə aparılıb. O, iki saat orada saxlanıldıqdan sonra Yasamal rayon Polis İdarəsinə aparılıb. Vəliyeva hazırda dörd saatdır dindirilir. Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Vəliyevanın saxlanılmasının səbəbi ilə bağlı sorğularına cavab verilmir.
“Heç bir izahat verilmir. Ondan qohumları barədə soruşublar və hansı sosial şəbəkədə fəaliyyət göstərməsi barədə suallar veriblər”, Mirəlioğlu qeyd edib.
KXCP təşkilat sədrinin saxlanılmasını polis rejiminin gücləndirilməsi, insan haqlarının pozulması kimi qiymətləndirir.
“Bu, on illərlə davam edən insan haqlarının pozulmasının bir nümunəsidir”, KXCP sədri qeyd edib.
Polis orqanları fəalın saxlanılması barədə hələ açıqlama verməyib.