Martın 16-da Nəsimi rayon Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının fəalı Elxan İsgəndərov Nardaran hadisələrində təqsirli bilinərək barəsində iyunun 26-dək həbs qətimkan tədbiri seçilib. Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.
Vəkilin sözlərinə görə, İsgəndərova qarşıhakimiyyətin ələ keçirilməsinə cəhd, terrorizm və digər ağır cinayətlər üzrə ittiham irəli sürülüb. Cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır.
Elxan İsgəndərov martın 15-də saxlanılıb.
"Müsəlman Birliyi" Hərəkatının fəallarının və tərəfdarlarının həbsləri artıq uzun müddətdir - 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyatdan sonra davam edir. Həmin vaxt təşkilatın lideri Taleh Bağırzadə və bu dini hərəkatın onlarla digər üzvü saxlanılıb.
Ümumilikdə 87 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Onların bir hissəsi uzunmüddətli həbs cəzalarına məhkum olunub.