Accessibility links

Faiq Əmirlinin səhhəti pisləşib


“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin səhhətinin yenidən pisləşdiyi bildirilir.

Bu haqda onun həyat yoldaşı Lalə Əmirli məlumat verib.

Onun bildirdiyinə görə, F.Əmirlinin səhhətindəki problemlər daha da ciddiləşib.

“Öd kisəsinin ağrıları şiddətlənib. Üstəlik, ürəyində də ağrılar baş qaldırıb. Qaytarma halları da çoxalıb”, o, deyib.

F.Əmirlinin səhhətində problemlərin əvvəldən də olduğu deyilirdi. L.Əmirlinin bildirməsinə görə, həbsxana şəraitində onun ağrıları bir az da kəskinləşib.

“F.Əmirli müalicə altında idi və həbs edilməsi ilə müalicəsi yarımçıq kəsilib. O, pəhriz yeməkləri qəbul etməlidir. Həzm sistemində pozğunluq var və yediyi qidanı tez-tez qaytarır ”, deyə xanımı vurğulayıb.

Lalə Əmirlinin bu açıqlamasına, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

F.Əmirli 2 həftə öncə səhhətindəki problemlərə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirilib. Vəkilləri onda bildirmişdilər ki, bu müayinə nəticəsində də Faiq Əmirlinin səhhətində yaranan problemlər aşkarlanıb. Sadəcə cəza evində müalicə ciddi nəticə vermir.

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. Yaxınlarda onun məhkəməsinin başlanacağı gözlənilir.

F.Əmirli əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilirdi. Bu maddələrə görə, 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu yaxınlarda isə məlum olub ki, istintaq Faiq Əmirliyə yeni ittihamlar irəli sürüb. Yeni ittihamlar Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) üzrədir. Cinayət Məcəlləsi yeni ittihamlar üzrə 8 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaq orqanları F.Əmirlini əvvəlcə ABŞ-da yaşayan Fəhullah Gülənin tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edirdi.

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG