Accessibility links

Faiq Əmirliyə qarşı vəzifədən sui-istifadə ittihamına xitam verilib


Faiq Əmirli
Faiq Əmirli

Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə mayın 2-də yekun ittihamlar elan olunub. Bu haqda F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.

Vəkilin sözlərinə görə, F.Əmirliyə qarşı irəli sürülmüş vəzifədən sui-istifadə (CM-nin 308-ci maddəsi) ittihamına xitam verilib.

“Yekun olaraq, onun üzərində Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham saxlanılıb.

A.Layıcov bildirir ki, F.Əmirli “Azadlıq” qəzetinin nəşr olunan nüsxələrinin sayını və gəlirini az göstərməklə vergidən yayınmaqda, həmçinin Fəthullah Gülən ideyalarının təbliğinə xidmət edən materialların mediada, o cümlədən “Azadlıq” qəzetində və saytında yaymaq niyyətində suçlanır.

F.Əmirli “Hizmet hərəkatının imamı” kimi təqdim olunub: “Əvvəla, bu cür ittihamlar niyyətə görə verilə bilməz. Kim haradan bilə bilərdi ki, Faiq Əmirlinin hansı niyyəti olub? Guya, Faiq onun idarə etdiyi maşından tapıldığı iddia olunan disklərdəki materialları saytda yaymaq niyyətində olub. Sadəcə sözdür, heç bir sübut yoxdur. Ümumiyyətlə, Faiq Əmirliyə qarşı ittihamlar tamamilə absurddur”, vəkil Aqil Layıcov belə deyir.

Onun sözlərinə görə, F.Əmirlinin üzərində ağır cinayət hesab olunan yalnız CM-nin 308.2.2-ci maddəsi idi ki, o da götürüldü, qalan iki maddə isə az ağır cinayətlər kateqoriyasına aiddir.

F.Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə CM-in 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Faiq Əmirlinin fəalı olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası onun həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

XS
SM
MD
LG