Accessibility links

Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi məhbus var


Siyasi məhbuslar
Siyasi məhbuslar

Daha 14 nəfərin adı “siyasi məhbuslar” siyahısına əlavə edib, 1 nəfər isə azadlığa çıxdığına görə siyahıdan çıxarılıb. Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin məlumatında deyilir.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə bildirib ki, təşkilatın hazırladığı “siyasi məhbuslar” siyahısı yenilənib.

“Noyabrın 18-də təşkilatın keçirdiyi müzakirələrdən sonra 14 nəfər şəxsin adı “siyasi məhbus” siyahısına əlavə edilib. Hazırda siyahımızda 159 nəfər “siyasi məhbusun” adı var. Onlardan 19 nəfəri jurnalist və blogerdir”, o qeyd edib.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısında həmçinin insan haqlarının vəziyyəti, siyasi məhbuslarla bağlı durum, məhkəmə prosesləri, saxlanma yerlərində işgəncə halları müzakirə olunub.

Toplantıda qərara alınıb ki, adları hələ siyasi məhbus siyahısına daxil edilməyən, həbsində siyasi motivlər olduğu ehtimal edilən məhbuslarla bağlı araşdırmalar davam etdirilsin.

“İclasda son zamanlar ölkədə ifadə azadlığının (xüsusən 10- a yaxın sayta girişin məhkəmə qərarı olmadan bloklanması), sərbəst toplaşmaq azadlığının (aksiyaların və toplantıların keçirilməsinə hakimiyyət tərəfindən müxtəlif bəhanələrlə rədd cavablarının verilməsi) məhdudlaşdırılması, nümayəndəlik institutunun ləğv edilməsi, siyasi məhbusları müdafiə edən vəkillərin Vəkillər Kollegiyasından uzaqlaşdırmaq cəhdləri pislənilib”, məlumatda qeyd edilir.

Toplantıda son zamanlar Avropa ölkələrində siyasi məhbuslarla bağlı keçirilən aksiyalarda iştirak edən mühacirlərin Azərbaycanda yaşayan ailə üzvlərinin təzyiqlərə məruz qalması, işdən çıxarılması, həbs edilməsi, qohumluqdan imtinaya məcbur edilməsi pislənilib.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir. Azərbaycan rəsmilərinin fikrincə, insanlar qanun qarşısında bərabərdir, söz, mətbuat, toplaşmaq, birləşmək azadlıqları tam təmin edilib.

XS
SM
MD
LG