Accessibility links

74 yaşlı keçmiş nazir xırda xuliqanlıqda günahlandırılıb


Sabiq müdafiə naziri Rəhim Qazıyev
Sabiq müdafiə naziri Rəhim Qazıyev

Hazırda Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılan keçmiş müdafiə naziri Rəhim Qazıyevin əhvalı yaxşıdır. Bu barədə vəkil Zübeydə Sadıqova dekabrın 27-də Rəhim Qazıyevlə görüşdükdən sonra Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, keçmiş nazir dekabrın 26-da İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlı bilinərək Nərimanov rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib.

Zübeydə Sadıqova
Zübeydə Sadıqova

“Rəhim Qazıyev bildirdi ki, dekabrın 25-də Bakıda Nəriman Nərimanov metrosunun qarşısındakı parkda olarkən saxlanılıb. Onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aprıblar. Orada saxlanılmasının səbəbi ilə bağlı hər hansı söz deməyiblər. Dekabrın 26-da saat 11-də Qazıyev Nərimanov rayon Məhkəməsinə gətirilib. Məhkəmədə deyiblər ki, guya 74 yaşlı keçmiş nazir küçədə telefonla danışarkən uca səslə söyüş söyüb. Qazıyev məhkəmədə bildirib ki, danışdığı bütün telefon nömrələri telefonunun yaddaşında var. Vəsatət qaldırıb ki, telefonla danışdığı adamlar məhkəməyə dəvət edislin və soruşulsun ki, kimə söyüş söyüb. Onun vəsatəti təmin edilməyib”, vəkil qeyd edib.

Qazıyev həbsinin son tənqidi müsahibələri ilə bağlı olduğunu bildirib.

“Amma nə polisdə, nə də məhkəmədə olarkən keçmiş nazirlə tənqidi müsahibələri barədə danışılmayıb”.

Qazıyevin hüquqlarını müdafiə etmək üçün dövlət tərəfindən vəkil təyin edilib.

“Qazıyev mənimlə müqavilə bağlandığını məhkəmənin diqqətinə çatdırıb və dövlət tərəfindən təyin edilmiş vəkildən imtian edib. Lakin məhkəmə onun vəkildən imtina etməsini nəzərə almayıb”, Zübeydə Sadıqova qeyd edib.

Rəhim Qazıyev 1943-cü ildə anadan olub. O 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə o, əfv fərmanı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG