ABŞ-ın nüfuzlu universitetlərindən olan Syracuse Universitetininin hüquq fakültəsinin məzunu, bir neçə gün öncə ölkəyə qayıtmış Emin Aslan iyunun 4-də Bakıda Milli Parkdakı “Park Bulvar” Ticarət Mərkəzinin yaxınlığında 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətdə aprılıb. Bu barədə Amerikanın Səsinə Emin Aslanın yaxınları bildirib.
“Mülki geyimli şəxslər özlərini təqdim etmədən, hər hansı sənəd göstərmədən Emin Aslanı bir “Mersedes” avtomobilinə oturdaraq apardılar”, Aslanın yaxınlığında olan bir şəxs deyib.
Ailə üzvləri Daxili İşlər Nazirliyinin 102 telefon xidmətinə Emin Aslanın naməluim mülki geyimli şəxslər tərəfindən saxlanılması barədə məlumat verib. Lakin, bir neçə saat keçməsinə baxmayaraq onun harada saxlanılması barədə məlumat yoxdur.
Hüquq müdafiəçiləri də Aslanın axtarışına qoşulub. İnidiki ana qədər onlar da hər hansı məlumat əldə edə bilməyib.
"Biz Səbael rayonu ərazisində olan polis bölmələrində Emin Aslanı axtarırıq. Ancaq Emin Aslanla bağlı hər hansı məlumat əldə edə bilməmişik. O Səbael rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin ərazisində saxlanılıb. Polis bölməsindən onların da Emin Aslanın axtarışı ilə məşğul oduqlarını bildirdilər", hüquq müdafiəçisi ANar Məmmədli Amerikanın Səsinə bildirib.
Rəsmi qurumlardan Emin Aslanla bağlı hələ məlumat almaq mümkün olmayıb.