Accessibility links

Qum-çınqıl yataqlarının istismarına görə 7 nəfər həbs edilib


“Göyçay” qum-çınqıl yatağında istismar işləri aparan karxanalar ətraf mühitə 4 milyon manatdan çox, Mingəçevir şəhərində və Yevlax rayonunda yerləşən 16 karxana 700 min manatdan artıq, Şamaxı, İmişli, Şəmkir, Qazax, Quba, Qusar, Tərtər və Bərdə rayonları ərazisində yerləşən 56 karxana isə 8 milyon manatdan çox ziyan vurub.

Bu barədə Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, hüquqazidd əməllərə yol verdiklərinə görə 7 nəfər şirkət rəhbəri və fiziki şəxs təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə həbs olunub. Daha iki şirkət rəhbəri barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

3 şirkət, habelə bir sıra digər hüquqi və fiziki şəxslər barəsində araşdırmalar davam etdirilir.

Hazırda istintaqı aparılan cinayət işləri üzrə bütün təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

2018-ci il iyunun 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşüb, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəyib.

Bununla əlaqədar ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb.

Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanıb.

İstintaq araşdırmaları göstərib ki, karxanalardan 14-ü lisenziya və digər müvafiq sənədlər olmadan qanunsuz şəkildə qum-çınqıl istehsalı ilə məşğul olub, daha 41 karxana yataqların istismarının dayandırılması barədə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirib və nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulub.

XS
SM
MD
LG