Accessibility links

Vəkilin məktubunu İlqar Məmmədova verməyiblər


Fevralın 12-də vəkilinin 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatinin lideri İlqar Məmmədova göndərdiyi konfidensial məktubları ona verməyiblər.

Bu barədə Amerikanın Səsinə vəkil Fuad Agayev bildirib.

Vəkilin sözlərinə görə, İlqar Məmmədova poçt vasitəsilə göndərdiyi sənədləri qəbul etməyiblər. Vəkilə hər hansı izahat verilməyib.

F.Ağayev deyir ki, ötən həftə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə İlqar Məmmədova məktub göndəcəyi ilə bağlı müraciət edib. Ancaq müraciətinə də cavab yoxdur.

"Bəlkə də, reaksiya məktubun qaytarılmasıdır", vəkil qeyd edib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, eləcə də cəzaçəkmə müəssisəsi vəkilin söylədiklərini şərh etməyib.

İ.Məmmədova göndərilən məktubların ona verilməməsi ilk hal deyil. Bir müddət əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) məktublarının İ.Məmmədova çatdırılmasına imkan verilməmişdi.

Sonradan həmin problem çözülmüşdü.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

AİHM artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti təmin edilməyib.

AŞNK Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə AİHM-ə müraciət göndərib.

Azərbaycan hökuməti AŞNK-yə bu yaxınlarda göndərdiyi cavabda vurğulayıb ki, AİHM-in İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nəhayət, dekabrın 5-də AŞNK AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovun azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

XS
SM
MD
LG