Accessibility links

Leyla İsmayılova: “Oğlumdan vəkilinin əleyhinə ifadə alıblar”


Yunis Səfərov
Yunis Səfərov

Gəncə şəhər icra hakimiyyətinin keçmiç başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Yunis Səfərovun anası Leyla İsmayılova yenidən ictimaiyyətə müraciət edərək oğluna işgəncə verildiyini bildirib.

Onun sözlərinə görə, Y.Səfərovdan fiziki təzyiq altında vəkil Elçin Sadıqovun əleyhinə ifadə alıblar. Guya o, Yunisi məcbur edib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona işgəncə verilməsi barədə "yalan ifadə" versin. Əks halda, onu təcridxanadan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılacağı və işgəncə veriləcəyi ilə hədələyiblər.

L.İsmayılova hesab edir ki, bütün bunları vəkilləri qorxutmaq və onları hakimiyyəti düşmən hesab edənləri müdafiə etmək üçün həvəsdən salmaqdan ötrü edirlər.

"Sonuncu işgəncələrdən sonra oğlumu yenə də gizlədirlər. Deyirlər ki, guya dövlət hesabına təyin edilmiş vəkil onun hüquqlarını müdafiə edir", - ana vurğulayıb.

L.İsmayılova ölkə rəhbərliyini oğluna qarşı işgəncələrə son qoyulmasına kömək etməyə çağırıb.

İyulun 3-də Rusiya vətəndaşı, əslən Gəncədən olan Yunis Səfərov Gəncə şəhər icra hakimiyyəti başçısını və onun mühafizəçisini tapança ilə yaralayıb.

Bir həftə sonra, iyulun 10-da 150-200 nəfərdən ibarət qrup Gəncə şəhər administrasiyasının qarşısında etiraz aksiyası keçirib. Polislə qarşıdurma zamanı iki yüksək vəzifəli polis zabiti öldürülüb.

Sentyabrın 28-də baş prokuror Zakir Qaralov bildirib ki, hadisə ilə əlaqədar 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfərin barəsində axtarış elan edilib.

Bununla yanaşı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Leyla İsmayılovanın dediklərinə hələ münasibət bildirməyib.

Bundan öncə də sentyabrın 11-də Yunis Səfərovun anası Leyla İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirib.

Sentyabrın 5-də Baş Prokurorluq Elçin Sadıqovun Səfərovun müdafiəsindən kənarlaşdırılması haqda qərar qəbul edib və Sadıqov barədə intizam tədbiri görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib.

Baş Prokurorun birinci müavini Rüstəm Usubovun imzası olan qərarın sosial şəbəkələrdə foto-surəti yayılıb. Foto-surətdə vəkilin müdafiə etdiyi şəxslə konfedensiallığı qanunla qorunan söhbətlərindən misallar çəkilir. Bununla yanaşı, yayılmış foto-surətin həqiqi olub-olmaması barədə prokurorluq hələ şərh verməyib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Amerikanın Səsinin “belə bir qərarın imzlanması mümkündürmü?” - sualının cavabında deyib ki, qüvvədə olan cinayət-prossesual qanunvericiliyinin tələblərinə görə müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar müəyyən edildiyi halda, onun cinayət işinin iraatında iştirak etməkdən kənarlaşdırılması barədə qərarın qəbul olunmasında prokurorluq orqanları tam səlahiyyətlidir.

“Əgər sübut olunsa ki, vəkilin iddia etdiyi kimi bu, qanunsuz dinləmə nəticəsində baş verib, təbii ki, qanunu rəhbər tutan İntizam Komissiyasının da, Rəyasət Heyətinin də qanunusuz yolla əldə olunmuş sübut əsasında vəkilin barəsində intizam tədbiri seçməsi istisna olunur. Ancaq yenə də deyirəm, bizdə olan sənədlərdə cinayət işinin materiallarına istinad olunur, dinləmədən söhbət getmir”, Bağırov qeyd edib.

Öz növbəsində Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, ona qarşı prokuorluğun müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır.

“Bununla belə, şikayətin əsaslı olub-olmamasından asılı olmayaraq, Vəkillərin İntizam Komissiyası onu araşdırmalı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verməlidir”, o qeyd edib.

XS
SM
MD
LG